Laçında nəhəng bər­pa və yenidənqurma işlərinə başlanılıb

post-img

Düşmənin darmadağın etdiyi, xarabalığa çevirdiyi şəhər və kəndlərimizə həyat yenidən qayidıb. Azadlığına qovuşan torpaqlarımızda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin sürəti getdikcə yüksəlib. Bununla da Qarabağ və Şərqi Zəngəzurun yenidənqurma, inkişaf, çiçəklənmə dövrü başlayıb. İllərdir düşmənin yağmaladığı, dağıdaraq viran qoyduğu yurd yerlərimizə indi yeni nəfəs gəlib. Laçına 20 ailə köçüb.

Prezident İlham Əliyevin Kəlbəcər rayonuna səfəri zamanı Yanşaq və Zallar kəndlərinin, Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin və məktəb bi­nasının təməli qoyuldu, “Qamışlı” və “Meydan” kiçik su elektrik stansiya­ları, hərbi hospital istifadəyə verildi. Toğanalı–Kəlbəcər–İstisu və Kəl­bəcər–Laçın avtomobil yolunda görülən işlərə diqqət edilməsi onu göstərdi ki, işğaldan azad edilən digər yaşayış sahələri kimi, bu rayonun da bərpası diqqət mərkə­zində saxlanılıb. 

Dövlət başçımız mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşü zamanı Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı geniş bəhs etdi. Prezident nitqində adıçəkilən şəhərin simasının dəyişməsinin iqtisadiyyatımızın dinamik inkişafından xəbər verdiyini bildirdi və müstəqilli­yimizin nə qədər güclü olduğunu bir daha göstərdiyini vurğuladı. O dedi: “Cəmi 7 – 8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və sakinlərin sərəncamına verilir. İlk 20 ailə artıq dünəndən Laçında yerləşib və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə La­çında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaq”.

Prezident İlham Əliyevə təqdim olunan Baş planda nəzərdə tutulan tədbirlər və pla­na əsasən görülən işlər barədə məlu­mat verilib. Bildirilib ki, Baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Bakı Dövlət Layihə İns­titutu tərəfindən beynəlxalq məsləhətçi şəhərsalma qrupu–İsveçrənin “SA Part­ners” şirkətinin iştirakı ilə hazırlanıb. Bildirilib ki, Laçı­nın özünəməxsus füsunkar təbiəti və rəngarəng landşaftı şəhərin turizm mə­kanı kimi inkişaf etdirilməsinə, fəal rek­reasiya, idman, açıq hava istifadəsi və sağlam həyat imkanları olan cəlbedici regional mərkəzə çevrilməsinə şərait yaradılacaq. Laçın şəhərinin mövcud plan­laşdırma strukturunun saxlanılması və bərpası, o cümlədən yeni yaşayış əra­zilərinin inkişaf etdirilməsi əsas hədəf götürülməklə zonalaşdırılıb. Növbəti 20 il ərzində şəhər ərazisi daha da genişləndiriləcək.

Baş plan layihəsində təbii yaşıllıqlar­la əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaş­ma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Eyni zamanda, çoxfunksiyalı zonalarda və di­gər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqə­dər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdır­mada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gün­dəlik tələbat obyektlərinin yaxın mə­safədə olmasını və aşağı sürətli yol in­frastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.

Əhalinin məşğulluğunun təşkili məqsədilə, yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur. Ərazinin coğrafi yerləş­məsinə, quruluşuna uyğun olaraq yerli ənənələrə, müasir yanaşmalara əsas­lanan və Laçın şəhərinin özünəməxsus simasının formalaşdırılmasında istifadə ediləcək memarlıq layihələri həyata ke­çiriləcək.

Səfər şərçivəsində dövlət başçısı, eyni zamanda, Qorçu qəsəbəsinin, Şəlvə kəndinin təməlqoy­ma mərasimində də iştirak edib, Laçın şəhərində Aqro və Sənaye Parkında görülən işlərlə də tanış olub. Burada istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, məşğul­luğun artırılması istiqamətində işlər da­vam etdirilir. Burada əhalinin məşğullu­ğunun təmin edilməsi üçün yaradılacaq müəssisələrdə 1169 nəfər işlə təmin olunacaq. Müəssisələr qida, sənaye, ya­radıcılıq, tekstil, tədris, turizm və xidmət sahələrində fəaliyyət göstərəcək. Hazır­da fəaliyyət göstərən 7 müəssisədə 226 Laçın sakini işlə təmin edilib.

Bu gün  Qarabağ abadlaşır, gözəlləşir, əvvəlkindən də gözəl görkəmə qayıdır. İşğaldan azad olunduqdan dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə bütün Qarabağ və Şərqi Zəngəzur kimi, indi Laçında da nəhəng bər­pa və yenidənqurma işlərinə başlanılıb. 

Vüsal BAYRAMOV, 
iqtisad üzrə fəlsəfə doktoru

Son xəbərlər