“Rusiyada keçirilən Ali Avrasiya Şurasının iclası çox önəmli bir hadisədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin həmin iclasda iştirak etməsi və çox önəmli məsələlərə toxunması, Azərbaycanın milli və dövlət maraqlarını davamlı olaraq ardıcıl müdafiə etməsi çox təqdirəlayiq bir haldır”.
Bu sözləri “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bildirib.
O qeyd edib ki, Vətən müharibəsində böyük qələbə əldə edən Azərbaycan diplomatik masada da ardıcıl qələbələr qazanır:
“Həm Avropa Birliyinin vasitəçiliyi ilə Brüsseldə aparılan danışıqlar, həm Amerika Birləşmiş Ştatları vasitəsilə aparılan danışıqlar, həm Rusiya vasitəsilə aparılan danışıqların hər birində Azərbaycanın ərazi bütövlüyü məsələsi vasitəçilər tərəfindən birmənalı tanınır. Uğurlu diplomatik siyasətin nəticəsində artıq Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur olub. Bu Azərbaycan dövlətinin, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uğurudur”.
Emin Həsənli hesab edir ki, Moskvadakı görüşdə də önəmli nəticələr əldə olunub: “Moskvada daha bir diplomatik uğura imza atıldı. Azərbaycan Prezidenti beynəlxalq hüququ və qanunları Ermənistanın baş nazirinə anlatdı, başa saldı. Bununla da həm Ermənistana, həm də bütün dünyaya bir daha mesajlar verdi ki, Azərbaycan müstəqil mövqeyindən və milli maraqlarından bir addım geri çəkilməyəcək, ardıcıl olaraq bu mövqelərini müdafiə edəcək. Dünya siyasətində, hərbdə qalib gəlib diplomatik cəbhədə məğlub olanlar var. Diplomatik cəbhədə qalib gəlib haqlı olub, hərbi cəbhədə məğlub olanlar var. İlham Əliyevin apardığı bu siyasətdə hər iki cəbhədə qələbə əldə edilməsi beynəlxalq münasibətlər sistemində nadir hadisədir. Həm də ki, bir-biri ilə mövqe savaşı aparan dövlətlər - Rusiya, ABŞ, Avropa ölkələrinin bölgədə öz maraqları var. Azərbaycanın ərazi birliyinin bütövlüyünü bütün tərəflərin qəbul etməsi, Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul etmələri çox önəmlidir”.
Birlik sədri hesab edir ki, ölkəmiz həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat qovşağında olması maraqlı qüvvələrin burada söz sahibi olması üçün güc sərf etmələrinə səbəb olur:
“Çindən başlayan ipək yolu ilə bağlı hələ Ulu Öndər Heydər Əliyevin zamanında böyük konfranslar, görüşlər keçirildi və nəticədə bu yol Azərbaycan üzərindən keçiriləsi reallaşdı. Bakı-Tblisi-Qars dəmiryolu xətti də buna xidmət edir. Həm quru, dəniz yolları infrastrukturunun inkişafı, modernləşmiş gəmilərin olması, müasir gəmiqayırma zavodunun olması çox önəmli hadisədir. Azərbaycan Ermənistanı çıxmaq şərtilə bütün qonşu ölkələrlə ikitərəfli və çox tərəfli əməkdaşlıq edir və bu əməkdaşlığın həm həmin ölkələrə, həm də Azərbaycana çox böyük iqtisadi faydası var. Azərbaycanda son illər 10-dan artıq beynəlxalq hava limanı tikilib. Onun ikisi işğaldan azad olunmuş ərazilərimizdədir. Füzuli və Zəngilan beynəlxalq hava limanı artıq hazırdır. Laçın beynəlxalq hava limanı yaxın zamanlarda hazır olacaq. Bu da logistika infrastrukturu baxımından çox önəmlidir.
Tarix sübut etdi ki, Heydər Əliyevin siyasəti ən doğru siyasətdir. Bu il Azərbaycanda Heydər Əliyevin 100 illiyi təntənəli qeyd olunur, Heydər Əliyev ilidir və biz bu ildən çox böyük uğurlar gözləyirik. Heydər Əliyevin Azərbaycanın milli maraqlarına uyğun xarici siyasət yürütməsinin nə qədər doğru olduğunu sübut etdi və bu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi sayəsində Azərbaycan böyük nailiyyətlər əldə etməkdə davam edir”.