AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDABEA) Mükafat Komitəsinin 2023-cü il 3 fevral tarixli qərarı ilə “İstiqlal” ordeninə və “Türk dünyasında ilin adamı” beynəlxalq mükafatına layiq görülüb.
“Xalq qəzeti” xəbər verir ki, bu barədə “Azərbaycan Tarixçiləri” İctimai Birliyindən məlumat verilib. Məlumata görə, tarixçimizə “İstiqlal” ordeni Türk dünyasının elm və təhsil sahəsindəki böyük xidmətlərinə görə, “Türk dünyasında ilin adamı” beynəlxalq mükafatı isə 2022-ci ildəki uğurlarına görə verilib. Xəbəri təsdiq edən akademik onun elmi fəaliyyətini yüksək dəyərləndirən qurumun rəhbərliyinə təşəkkürünü bildirib. Qocaman alim qeyd edib ki, Azərbaycan tarix elmi üçün xidmətlərinin nəzərə alınması uzun illər ərzində gərgin fəaliyyətinə verilən qiymətdir və bir elm adamı kimi ona göstərilən böyük ehtiramdır.
Xatırladaq ki, Yaqub Mahmudov bundan əvvəl TDABEA-nın həqiqi üzvü seçilib və akademiyanın “Beynəlxalq Qızıl Ulduz” medalı, Beynəlxalq Atatürk Mükafatı və 2019-cu il üçün “Türk dünyasında ilin elm adamı” beynəlxalq mükafatı ilə təltif edilib.
Anar TURAN, “Xalq qəzeti”

