Milli Məclisdə ilk dəfə dövlət qulluğuna qəbul ilə əlaqədar yazılı imtahan keçirilib

post-img

Aprelin 29-da Milli Məclisin inzibati binasında müsabiqənin birinci mərhələsi üzrə yazılı imtahan keçirilib. Bu barədə Milli Məclisin Mətbuat və İnformasiya şöbəsindən məlumat verilib. 

İmtahandan əvvəl Parlament Aparatının rəhbəri Fərid Hacıyev Milli Məclis sədrinin adından namizədləri salamlayıb, onlara uğurlar arzulayıb. 3 qrup şəklində keçirilmiş imtahanda hüquqşünas ixtisası üzrə ali təhsilə malik olan və sənədlərini bu il martın 3-dək müvafiq qaydada  təqdim etmiş 364 namizəd iştirak edib.
Qeyd edək ki, cari il fevralın 4-də Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə parlamentdə ilk dəfə Milli Məclis Aparatının hüquqşünas ixtisası üzrə vakant dövlət qulluğu vəzifələrinə qəbul ilə əlaqədar müsabiqə elan edilib. Müsabiqə iki mərhələdən – yazılı imtahan və müsahibədən ibarətdir.
Yazılı imtahan mərhələsində iddiaçıların nəzəri bilikləri və Azərbaycan Respublikasının qanunvericiliyinə bələdliyi yoxlanılacaq.

İmtahanın nəticələri və müsabiqənin növbəti mərhələsi barədə əlavə məlumat veriləcək.

Anar Əli,
“Xalq qəzeti”

Son xəbərlər