ANAMA ilə Fransa arasında Azərbaycandakı minatəmizləmə əməliyyatlar sahəsində əməkdaşlıq müzakirə edilib

post-img

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Fransa Respublikasının ölkəmizdəki səfiri Ann Buayon ilə görüşüb.

ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə ANAMA ilə Fransanın ölkəmizdəki səfirliyi arasında Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə əməliyyatına dəstək məqsədli əməkdaşlığın davam etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov “Böyük Qayıdış” proqramı çərçivəsində qurumun qarşısında duran məqsədlər, prioritet layihələr, əlaqəli şəkildə icra edilən bərpa və yenidənqurma işləri barədə məlumat verərək gələcək əməkdaşlığın Azərbaycanda həyata keçirilən mina təhlükəsi ilə mübarizə fəaliyyətinə faydalı olacağını bildirib.

Səfir Ann Buayon Azərbaycanın üzləşdiyi mina problemi ilə mübarizədə göstərdiyi peşəkar fəaliyyətin təqdirəlayiq olduğunu qeyd edib. O, işğaldan azad edilmiş ərazilərdə mövcud mina təhlükəsinin həlli istiqamətində Agentlik tərəfindən icra edilən genişmiqyaslı fəaliyyəti yüksək dəyərləndirdiyini bildirib.

Görüşdə Agentliyin yaradılma tarixi, ümumi fəaliyyət istiqamətləri, işğaldan azad olunmuş ərazilərdəki mövcud mina problemi, ölkəmizin qarşılaşdığı təhlükə, aparılan minatəmizləmə əməliyyatları, eləcə də istifadə olunan ən son texnoloji metod və vasitələrə dair təqdimat nümayiş etdirilib.

Son xəbərlər