YAP nümayəndə heyəti İstanbulda Ayasofya məscidini ziyarət edib

post-img

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti aprelin 15-də İstanbulda Ayasofya məscidini ziyarət edib.

YAP İdarə Heyətinin üzvləri, deputat­lar Hikmət Məmmədov, Pərvin Kərimza­də, Azərbaycan–Türkiyə dostluq qrupu­nun üzvü Ramil Həsən və YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyevdən ibarət nümayəndə heyətinə bu qədim dini məbədin tarixi haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, istifadəyə verildiyi 537-ci ildən 1453-cü ilədək kilsə, həmin tarixdən 1934-cü ilədək məscid, sonradan muzey olan Ayasofya yenidən məscid-muzey kimi fəaliyyət göstərir. Türkiyə Nazirlər Kabinetinin 1934-cü il noyabrın 24-də qəbul etdiyi qərarla Ayasofya məscid kimi fəaliyyətinin dayandırıb, muzey ola­raq ziyarətçilərin üzünə açılıb. 2020-ci il iyulun 10-da Türkiyənin Dövlət Şurası (Danıştay) Ayasofyanın muzey kimi fəa­liyyət göstərməsi ilə bağlı 1934-cü ildə qəbul olunan qərarı ləğv edib. Həmin gün Prezident Rəcəb Tayyib Ərdoğan Aya­sofyanın məscidə çevrilməsi haqqında fərman imzalayıb. Beləliklə, 1985-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısı­na daxil edilən Ayasofya 86 ildən sonra yenidən müsəlmanlar üçün ibadət yerinə çevrilib.

Nümayəndə heyətinin üzvləri Aya­sofya məscidi ilə tanışlıqdan sonra vətəndaşlara söhbət ediblər. Bildirilib ki, Türkiyə-Azərbaycan birliyi dünyada və re­gionda böyük əhəmiyyətə malikdir. Vətən­daşlar da “Bir millət, iki dövlət” tezisini bir daha xatırladıblar. Sonra nümayəndə heyəti Fatih Bələdiyyəsinin nəzdindəki ki­tabxanada olub. YAP nümayəndə heyəti­nin üzvlərinə kitabxananın fəaliyyəti barə­də məlumat verilib.

Bildirilib ki, buradakı kitab fondu həm tələbələr, həm də vətəndaşlar üçün əlça­tandır. Nümayəndə heyətinin üzvləri daha sonra Bağcılar Bələdiyyəsinin təşkil etdiyi xalq iftar mərasimində iştirak ediblər.

Dostluq və qardaşlıq mesajlarının ve­rildiyi iftar mərasimində dünyaya nümunə olan Azərbaycan-Türkiyə birliyinin sar­sılmazlığı bir daha vurğulanıb. Bildirilib ki, Azərbaycan və Türkiyə tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olublar. Türkiyə son 20 ildə Prezident Rə­cəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli inkişaf yolu keçib və dünyada söz sahibinə çevrilib.

YAP nümayəndə heyəti İstanbulun Zeytinburnu ərazisindəki İmam Cəfəri Sa­diq məscidində yerli sakinlərlə görüşüb. Görüşdə Azərbaycanın və Türkiyənin va­hid yumruq kimi bütün milli hədəfləri real­laşdırmaq əzmində və iqtidarında olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Azər­baycan və Türkiyə arasında münasibətlər ölkələrimizin rəhbərləri tərəfindən daha yüksək səviyyəyə çatdırılmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstə­viyə keçməkdədir.

Bununla da YAP nümayəndə heyəti­nin Türkiyəyə səfəri başa çatıb.

Son xəbərlər