Özbəkistan nümayəndə heyəti ölkəmizdə qida təhlükəsizliyi sahəsində görülən işlərlə tanış olub

post-img

Özbəkistan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Axadbek Haydarovun rəhbərlik etdiyi nümayəndə heyəti Qida Təhlükəsizliyi Agentliyində və Qida Təhlükəsizliyi İnstitutunda olub.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nümayəndə heyətinin üzvləri ilə keçirilən görüşdə agentliyin sədrinin müavini Balarəhim Quliyev ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, həmçinin bu sahədə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Eyni zamanda 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələblər barədə məlumatlar diqqətə çatdırılıb. Görüş zamanı iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, respublikamızda bu sahədə əldə olunan müsbət təcrübə bölüşülüb. Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Özbəkistan nümayəndə heyəti ilə Qida Təhlükəsizliyi İnstitutunda da görüş təşkil edilib. Görüşdə nümayəndə heyətinə institutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qida təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasında institutun nəzdində fəaliyyət göstərən laboratoriyaların əhəmiyyətindən bəhs olunub. Qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyaların maddi-texniki bazasının modernləşdirilməsi, həmçinin kadr potensialının gücləndirilməsi sahəsində davamlı olaraq tədbirlərin həyata keçirildiyi bildirilib. Görüş zamanı əməkdaşlıq məsələləri də müzakirə olunub.

Görüşdən sonra nümayəndə heyəti iş prinsipini öyrənmək məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına baxış keçirib, laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Son xəbərlər