Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş konfrans keçirilib

post-img

“Tanınmış oftalmoloq, akademik Zərifə xanım Əliyeva ölkəmizdə elmi kadrların formalaşması istiqamətində böyük işlər görüb, elmin özünə çox yeniliklər gətirib. Hər bir ölkənin inkişafı elmin inkişafından asılıdır. Sevindirici haldır ki, ATU-nun tələbələri arasında elmə olan maraq getdikcə artır. Bu tip tədbirlərimiz məhz həmin marağın gücləndirilməsi, gənclərin inkişafı baxımından olduqca faydalıdır”. Bu fikirləri Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru Rauf Bəylərov akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.  O, tələbələrin gələcək fəaliyyəti üçün konfransın böyük əhəmiyyət daşıdığını vurğulayıb.

ATU-nun əczaçılıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə keçirilən konfransda öncə  görkəmli alim, oftalmoloq Zərifə Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Əczaçılıq fakültəsi üzrə TEC-in rəhbəri, dosent Nərgiz Məmmədova Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə Əliyevanın təbabətdə öz dəst-xətti olan alim olması ilə yanaşı, həm də əsl vətəndaş, xeyirxah insan olduğunu qeyd edib. 

Tələbələrin konfransa hazırlıq prosesini əks etdirən videoçarxın nümayişindən sonra Milli Oftalmologiya Mərkəzinin elmi təşkilatı, tədris və metodik bölməsinin müdiri Yazgül Abdıyeva akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafındakı müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, Zərifə xanım Azərbaycanda geniş yayılmış traxomanın müalicəsi, peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatların müəllifi olub. O cümlədən, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi olub. Z.Əliyevanın yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf etdiyini deyən Yazgül Abdıyeva eyni zamanda Milli Oftalmologiya Mərkəzinin fəaliyyəti haqqında da məlumat verib.

Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli akademik Zərifə Əliyevanın yaxşı həkim olması ilə yanaşı, həm də yaxşı insan kimi yaddaşlarda qaldığını qeyd edib: “Zərifə xanım həyatda iz qoyub getməyi bacaran insanlardandır. Dünyaşöhrətli şəxsiyyətə ziyalı yoldaşı olmaq onun aliliyini göstərir. Zərifə xanım valideynlərinə layiqli bir övlad, sədaqətli ömür-gün yoldaşı və qayğıkeş ana idi. TEC konfransının bu cür şəxsiyyətin 100 illiyinə həsr edilməsi bizlər üçün böyük bayramdır”.

ATU-nun TEC rəhbəri, dosent Müşfiq Həsənov da böyük ziyalı alim, oftalmoloq Zərifə xanım Əliyevanın 100 illiyinə həsr olunduğu üçün bu tədbirin olduqca önəmli olduğunu bildirib. Deyib ki, məşhur alim, tanınmış həkim və istedadlı insan Zərifə Əliyevanın apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, fundamental əsərləri Azərbaycanda təkcə oftalmologiya yox, ümumiyyətlə tibb elminin parlaq səhifələrini təşkil edir. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.

Konfransa 71 tələbə 46 elmi iş təqdim edib. “AzerMed” QSC-nin dəstəyi ilə keçirilən tədbirdə 15 elmi iş mükafatlandırılıb. “Ən yaxşı poster”, “Ən yaxşı eksperimental iş”, “Ən yaxşı referativ iş” kimi nominasiyalar üzrə qalib olan tələbələrə diplom və xüsusi hədiyyə ilə yanaşı, pul mükafatı da təqdim edilib. İştirakçılardan 6 tələbə ATU-da keçiriləcək ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq tədbirdə çıxış etmək hüququ qazanıb.

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”

Z-konfrans-1.jpg

Z-konfrans-4.jpeg

Z-konfrans-2.jpg

Son xəbərlər