ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Rusiya Prezidenti Vladimir Putinin martın 31-də təsdiq etdiyi xarici siyasət konsepsiyası ilə bağlı hesabat hazırlayıb. Sənəddə bildirilir ki, Kremlin bu konsepsiyası Qərbə qarşı yeni blok yaratmaq, çoxqütblü dünya nizamı qurmaq, eyni zamanda ABŞ-ın hökmranlığına son qoymaq məqsədi daşıyır. Məlumatı UNİAN yayıb.
Sənəddə bəşəriyyətin əksəriyyətinin Rusiya ilə konstruktiv münasibətdə maraqlı olduğu iddia edilir. ABŞ institutu hesab edir ki, Kreml bloklara daxil olmayan ölkələrlə anti-Qərb bloku yaratmaq cəhdlərini dəstəkləyəcək. Lakin Rusiyanın iqtisadi qüdrətinin azalması və Ukraynada hərbi potensialının zəifləməsi buna imkan verməyəcək.
İnstitutun fikrincə, Çin lideri Si Cinpinin Moskvaya səfəri zamanı da Putinin anti-Qərb bloku yaratmaq təklifi birmənalı qarşılanmayıb.
Hazırladı: Paşa ƏMİRCANOV, “Xalq qəzeti”