Dünən Moldova Prezidenti Mayya Sandunun Ukraynaya səfəri başa çatıb. O, Ukraynanın dövlət başçısı, Slovakiya, Sloveniya və Xorvatiyanın baş nazirləri Eduard Heger, Robert Qlob və Andrey Plenkoviçlə birlikdə Rusiya ordusunun qətliam törətdiyi Buça şəhərinə baş çəkib. Məlumatı UNİAN yayıb.
Sandu özünün “fasebook” hesabında bildirib ki, Prezident Volodimir Zelenski ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq və Avropa İttifaqına inteqrasiyada birgə fəaliyyət kimi məsələləri müzakirə ediblər. Eyni zamanda ölkəsinin Ukraynaya daimi dəstəyini ifadə edib.
Ukraynanın cənub-şərqində dünən də gərgin bir gün yaşanıb. Rusiya ordusu Baxmut istiqamətində hücumları davam etdirsə də, intensivlik azalıb. Rus qoşunları əsasən Xerson vilayətini 54 dəfə atəşə tutub, əraziyə ağır artilleriya, aviasiya və “Qrad”lardan 439 mərmi atılıb. Vilayətin hərbi administrasiyasının başçısı Aleksandr Prokudinin sözlərinə görə, mərmilər yaşayış məhəllələrinə, fərdi evlərə və çoxmənzilli binalara düşüb. Hücum nəticəsində 3 mülki şəxs həlak olub, 2 nəfər yaralanıb.
Hazırladı: Paşa ƏMİRCANOV, “Xalq qəzeti”