Veteran: Casus şəbəkələrinin ardıcıl ifşası Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkarlığından xəbər verir

post-img

Dövlət Təhlükəsizliyi Xidməti xalqımızın etimadını yüksək səviyyədə doğrultmaqdadır.

Bunu AZƏRTAC-a açıqlamasında xüsusi xidmət orqanları veteranı Füzuli Zəkizadə bildirib.

O qeyd edib ki, son illər Dövlət Təhlükəsizliyi Xidmətinin sərgilədiyi fəaliyyət cəmiyyət tərəfindən ciddi şəkildə təqdir olunmaqda alqışlanmaqdadır: “Dövlət Təhlükəsizliyi Xidmətinin son illərdəki fəaliyyəti çoxşaxəli və səmərəli olub. Faktlara nəzər salsaq görərik ki, Dövlət Təhlükəsizliyi Xidməti bir tərəfdən rüşvət və korrupsiyaya qarşı uğurlu mübarizə ortaya qoymaqla yanaşı, digər tərəfdən xarici dövlətlərin casus şəbəkələrinə, təxribatçı cəhdlərinə qarşı mübarizədə böyük əzm, ciddi müvəffəqiyyət sərgiləyib. İranın ölkəmizdəki casus şəbəkəsinin mütəmadi ifşası Dövlət Təhlükəsizliyi Xidmətinin təhlükəsizliyimizə hansı səviyyədə töhfə verdiyini göstərir və bütün bu əməliyyat xalqımız, cəmiyyətimiz tərəfindən məmnunluqla qarşılanır. Bu gün əminliklə demək olar ki, Dövlət Təhlükəsizliyi Xidməti Ulu Öndər Heydər Əliyevin tarixi irsini uğurla davam etdirir, dövlətimizin, təhlükəsizliyimizin qarantı rolunda çıxış edir.

Dünən biz xarici dövlətlərin xüsusi xidmət orqanlarına bağlı olan və ölkəmizdə casusluq fəaliyyəti həyata keçirən daha bir neçə şəxsin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ifşa edilməsinə, məsuliyyətə cəlb olunmasına şahid olduq. Sonuncu əməliyyat bir daha sübut etdi ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti dövlətimizin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanıb və ölkəmizə qarşı planlaşdırılan bütün təxribatların qarşısını qətiyyətlə almaq əzmindədir. Mən peşə bayramları münasibətilə bütün həmkarlarımı təbrik edir, onların hər birinə şəxsi həyatlarında və xidməti işlərində uğurlar arzulayıram”.

Son xəbərlər