“Heydər Əliyevin 100 illiyi münasibətilə 100 ağac əkək” aksiyası keçirilib

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM) və Competo MMC (Umico) şirkətinin təşkilatçılığı və birgə əməkdaşlığı ilə “Heydər Əliyevin 100 illiyi münasibətilə 100 ağac əkək” aksiyası keçirilib.

RUGİM-dən AZƏRTAC-a bildirilib ki, aksiyanın keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi üçün apardığı ekoloji siyasətin, eləcə də təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə göstərdiyi xüsusi diqqətin davamı olaraq ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, uşaq və gənclər arasında ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir.

Tədbirin birinci hissəsində 1 nömrəli uşaq evinin şagirdləri üçün yay istirahət zonasında nar, ərik, eldar şamı və həmişəyaşıl sərv ağacları əkilib. Tədbirin ikinci hissəsində isə Bakıxanov qəsəbəsində Elm və Təhsil Nazirliyi Uşaq-Gənclər İnkişaf Mərkəzinin bazasında yerləşən 1 hektara yaxın ekopark torpaq sahəsində iməcilik işləri görülüb.

Ağacəkmə aksiyasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Competo MMC (Umico) şirkətinin əməkdaşları, həmçinin “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramının ekoklub üzvləri iştirak ediblər.

Daha sonra bayram tonqalı ətrafında “Qavaldaş” nağara ritm qrupu çıxış edib.

Qeyd edək ki, aksiyada 1 nömrəli uşaq evinin şagirdlərinə hədiyyələr təqdim edilib.

Son xəbərlər