Çexiyadan “TikTok” xəbərdarlığı

post-img

Çexiya Milli Kiber və İnformasiya Təhlükəsizliyi Agentliyi (NUKIB) “TikTok” tətbiqinin mümkün təhlükələri ilə bağlı açıqlama verib. Onların fikrincə, Çinin dünya miqyasında geniş yayılmış sosial media platforması “TikTok” ilə mobil telefonlar izlənilə bilər. Xəbəri “cnn.com” saytı verib.

Tətbiqin böyük kütlələr tərəfindən isti­fadə edildiyinə diqqətçəkən açıqlamada, proqramın yükləndiyi cihazlar vasitəsilə dövlət sirləri, infrastruktur sistemləri, kom­munikasiya elementləri və digər məxfi məlumatların dinlənə biləcəyi ilə bağlı xə­bərdarlıq edilib. Nəticədə istifadəçilərdən bu vəziyyətin nəzərə alınması tələb edilib.

Digər tərəfdən, Çexiyanın daxili işlər naziri Vit Rakusan da mətbuata açıqla­masında nazirlik daxilindəki işçilərin mobil telefon və ya oxşar cihazlarda tətbiqdən istifadə edə bilməyəcəyini bildirib.

Qeyd edək ki, “TikTok” ilə bağlı təh­lükəsizlik problemləri əvvəllər də müxtəlif ölkələrdə gündəmdə olub. ABŞ, Avropa Birliyi qurumları və Kanadada dövlət qurumlarında çalışanların bu tətbiqdən istifadə etməsi qadağan edilib.

 

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Son xəbərlər