Vardanyan da “gorbagor” oldu

post-img

Ermənistan mediası yazır ki, Qarabağ separatçılarının lideri Arayik Arutyunyan Ruben Vardanyanı “dövlət naziri” vəzifəsindən qovub. Xatırladaq ki, bir neçə gün öncə hakimiyyətə yaxın mənbələr Vardanyanın “dövlət naziri” postundan uzaqlaşdırılacağını bildirmişdilər. Xüsusilə, İrəvanın oliqarxdan narazı olduğu və onun yerinə “baş prokuror” Qurgen Nersisyanı təyin etməyi planlaşdırdığı vurğulanırdı. Nersisyan özü də bu xəbərləri təsdiqləyərək bildirmişdi ki, ona artıq “dövlət naziri” vəzifəsi təklif olunub, lakin o, hələ bununla bağlı qərar verməyib. 

Erməni saytları yazırlar ki, A.Arutyunyan fevralın 23-də keçirdiyi toplantıda “Qarabağın Azərbaycan tərəfindən blokadaya alınması nəticəsində respublikada yaranmış hərbi-siyasi və sosial-iqtisadi vəziyyəti, habelə yaranan problemlərin həlli üçün hakimiyyət tərəfindən görülən tədbirləri təqdim edib”. Həmin görüşdə də separatçı Arutyunyan Ruben Vardanyanın “dövlət naziri” vəzifəsindən azad edilməsi haqqında da “imzaladığı fərman” barədə məlumat verib. O, Vardanyanın “Qarabağ haqqında beynəlxalq məlumatlılığın artırılmasında və blokada zamanı bir çox daxili problemlərin həllində göstərdiyi səyləri yüksək qiymətləndirib”. A.Arutyunyan Vardanyanın yerinə “baş prokuror” Qurgen Nersisyanın təyin olunmasını təklif edib. Separatçı rejimin lideri, həmçinin bildirib ki, yeni “dövlət nazirinin koordinasiya sferasına hüquq-mühafizə orqanları və xarici işlər nazirliyi istisna olmaqla, bütün icra hakimiyyəti orqanları daxil olacaq”.

Göründüyü kimi, proqnozlar özünü doğrultdu. Separatçılar ilk gündən kənar element sayılan Vardayanı bölgədən uzaqlaşdırdılar. Amma, eyni zamanda, Vardanyana yaxın mənbələr iddia edirlər ki, “dövlət naziri” hətta “vəzifəsindən kənarlaşdırılsa” da, heç yerə getməyə hazırlaşmır. Onların fikrincə, istənilən halda oliqarx Xankəndidə qalacaq ki, bütün “Qarabağın müxalifət qüvvələrini” öz ətrafında səfərbər edə bilsin.

Xatırladaq ki, srağagün Ermənistan müdafiə nazirinin keçmiş müavini, hakim “Vətəndaş müqavilə” partiyasından olan deputat Qaqik Melkonyan da Vardanyanın istefasının düzgün qərar olduğunu bəyan etmişdi. Melkonyanın sözlərinə görə, Vardanyan “Qarabağın hakimiyyətinin parçalanmasına gətirib çıxarıb. “Təbii ki, onu ruslar göndəriblər. Amma kim?”, - deyə erməni deputat narazılığını açıqlayıb.

Vardanyanın Xankəndidə qalıb-qalmayacağı bilinmir, amma onun “vəzifəsindən” qovulması belə deməyə əsas verir ki, rəsmi İrəvan da ondan xilas olmaq istəyir. 

Səbuhi MƏMMƏDOV,

“Xalq qəzeti”

Son xəbərlər