“Neptun” özüqalxan qazma qurğusu Xəzər dənizinin Azərbaycan sektorundakı “Ümid” qaz-kondensat yatağında fəaliyyətini 2027-ci ilin sonunadək davam etdirəcək. Bununla bağlı “Umid Babek Operation Company” (UBOC) əməliyyat şirkəti ilə “Caspian Oilfield Service”(COS) arasında sənəd imzalanıb.
UBOC əməliyyat şirkətindən verilən məlumata görə, hazırda yatağın cənub qanadında mühüm qazma əməliyyatları həyata keçirilir. 2025-ci ilin iyununda ölkəmizə gətirilən “Neptun” qurğusu Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə 7 min metrdən artıq dərinliyə malik sualtı qiymətləndirmə quyusunun qazılmasını davam etdirir. Bu, “Ümid” yatağının tarixində ən dərin quyu hesab olunmaqla yanaşı, Xəzər regionunda ilk dəfə özüqalxan qurğu ilə həyata keçirilən sualtı qazma əməliyyatıdır.
“Bu layihə çərçivəsində qazanılan təcrübə dəniz qaz hasilatının sürətləndirilməsinə, mövcud ehtiyatların daha dərindən öyrənilməsinə, eləcə də UBOC-un qazma mühəndisliyi komandasının sualtı əməliyyatlar üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsinə əhəmiyyətli töhfə verir”, – deyə məlumatda qeyd olunub. Şirkətdən o da bildirilib ki, “Ümid” yatağının inkişafının növbəti mərhələsinə keçid fonunda COS ilə əməkdaşlıq əldə edilən nəticələrin əsas dayaqlarından biri olaraq qalır.
Xatırladaq ki, “Ümid” yatağı 2010-cu il noyabrın 24-də kəşf olunub. Bu, Azərbaycanın müstəqillik dövründə SOCAR tərəfindən kəşf edilən ilk qaz-kondensat yatağı kimi tarixə düşüb. Yataq 2012-ci ildə istismara verilib. Şirkətin ilkin qiymətləndirmələrinə görə, “Ümid” yatağının Balaxanı VIII, Fasilə (B, C, D), Fasilə E, Qırməkiüstü və Qırməkialtı layları üzrə ehtiyatları 129 milyard kubmetr qaz və 20 milyon ton kondensatdan ibarətdir.
“Ümid–Babək” yataqlar blokunun kəşfiyyatı və işlənməsi üzrə saziş isə 2017-ci il yanvarın 12-də imzalanıb və həmin ilin mayında qüvvəyə minib. UBOC şirkətinin səhmdarları SOCAR (80 faiz) və “Nobel Upstream” (20 faiz) şirkətləridir.
XQ

