İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

post-img

Aprelin 13-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında Hesabat müzakirəyə təqdim edilib.

XQ xəbər verir ki, komitənin sədri Azər Əmiraslanov “Hesablama Palatası haqqında” Qanunun 7-ci maddəsinə və Milli Məclisin Daxili Nizamnaməsinin 21-ci maddəsinə əsasən, Hesablama Palatasının öz fəaliyyəti chaqqında Milli Məclisə illik hesabatı təqdim etdiyini söyləyib. O, qeyd edib ki, Palatanın hesabatı qanunun tələblərinə uyğun şəkildə hazırlanıb və qanunvericiliklə müəyyən edilmiş müddətdə təqdim olunub. Bildirilib ki, Hesablama Palatasının hesabatı ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi öz rəyini Milli Məclisin plenar iclasına təqdim etməlidir.

Azər Əmiraslanov vurğulayıb ki, hazırki dövrdə təxirəsalınmaz maliyyə ehtiyaclarının yarandığı bir vaxtda büdcə nəzarəti, büdcə vəsaitlərinin səmərəli istifadəsi xüsusi əhəmiyyət daşıyır. Ölkəmizdə dövlət büdcəsinə nəzarətin gücləndirilməsi, vəsaitlərdən qənaətlə istifadə edilməsi, büdcə şəffaflığına nail olunması bu gün Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş dövlət siyasətidir. Ali maliyyə auditi orqanı kimi Hesablama Palatasının fəaliyyəti də məhz bu dövlət siyasətinin həyata keçirilməsinə xidmət edir.

Hesablama Palatasının fəaliyyətinin parlamentarizmin tərkib hissəsi olduğunu deyən komitə sədri, parlamentin və Hesablama Palatasının büdcə nəzarəti sahəsində fəaliyyətinin bir-birini tamamladığını və bir-birini şərtləndirdiyini bildirib. O, bir müddət əvvəl Hökumətin hesabatının müzakirə olunduğunu, bu gün Hesablama Palatasının ötən ildəki fəaliyyəti barədə hesabatın təqdim edildiyini, bir müddətdən sonra isə 2025-ci ildə dövlət büdcəsinin icrasına dair hesabatın və müvafiq qanun layihəsinin müzakirə ediləcəyini nəzərə çatdırıb. Qeyd edib ki, bu hesabatlar büdcənin icrasının vəziyyətini xarakterizə edən sənədlərdir və bir-birini tamamlayır. Komitə sədri Hesablama Palatasının illik hesabatlarının həm qanunverici orqan üçün, həm Palata üçün büdcə nəzarəti sahəsində institusional baxımdan mühüm təsirlərə malik olduğunu deyib.

Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2025-ci ildə fəaliyyəti haqqında hesabatı slaydlar vasitəsi ilə təqdim edib.

Palata sədri hesabat ilinin Hesablama Palatasının “2021-2025-ci illər üzrə Strateji Plan”ının son ili olmasını nəzərə alaraq, əvvəlcə 5 illik dövr üçün icra vəziyyəti barədə məlumat verib. O, qeyd edib ki, 2021-2025-ci illəri əhatə edən strateji planda 2 yekun nəticə - dövlət maliyyəsinin hesabatlılığının və fiskal məsuliyyətin gücləndirilməsi, Ortamüddətli Xərclər Çərçivəsi (OMXÇ) və nəticəyə əsaslanan büdcə islahatlarının daha yaxşı həyata keçirilməsinə töhfə və Hesablama Palatasının işinə daha güclü etimad müəyyən edilib.

Nəzərə çatdırılıb ki, bu müddət ərzində Hesablama Palatasının fəaliyyətindəki hesabatlılıq digər ölkələrin AAO-larının işi ilə müqayisədə kifayət qədər yüksəlib. Dövlət maliyyəsinin idarə edilməsində yer alan qurumların fəaliyyətinə dair hesabatda dövlət büdcəsinin layihə və icra sənədləri üzrə təqdim edilən məlumatların həcmi və strukturunda bir sıra əlavə və dəyişikliklər yer alıb.  

Vüqar Gülməmmədov Hesablama Palatasının işinə ictimai etimadın gücləndirilməsinin müxtəlif aspektləri barədə danışaraq, qeyd edib ki, bu sırada ənənəvi uyğunluq auditi kimi klassik audit növündən fərqli olaraq daha innovativ hesab edilən səmərəlilik (performans) auditinin əhatə dairəsinin genişləndirilməsi, Palatanın fəaliyyətində şəffaflığın artırılması, beynəlxalq AAO cəmiyyətində peşəkar tərəfdaş imicinin gücləndirilməsi, rəqəmsal transformasiyaya keçid kimi məsələlər ön planda olub. O, 2021-2025-ci illərdə ümumilikdə 26 səmərəlilik auditinin keçirildiyini, bu auditlərin əhatə dairəsinin 4,1 mlrd. manatdan çox olduğunu söyləyib. Bildirib ki, Hesablama Palatasının maraqlı tərəflərlə - parlament, icra və hüquq-mühafizə, prokurorluq orqanları, təhsil müəssisələri ilə əməkdaşlığı nəticəsində ölkə ictimaiyyətində nümunəvi təşkilat imicinin yaranması üçün zəmin yaradılıb, millət vəkillərinin təklifləri əsasında 7 audit həyata keçirilib, icra orqanlarının hesabatlarında Hesablama Palatasının tövsiyələrinin icrası barədə məlumat verilib. Palata sədri, habelə beynəlxalq əməkdaşlıq çərçivəsində bir sıra ölkələrin AAO-ları ilə qarşılıqlı fəaliyyət qiymətləndirilməsinin aparıldığını, COP29 tədbirində Hesablama Palatası və INTOSAI-ın təşkilatçılığı ilə “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlim Skaneri qiymətləndirməsinin nəticələri” adlı tədbirin keçirildiyini, Palatanın beynəlxalq AAO cəmiyyətində müsbət imicinin artdığını, nüfuzlu təşkilatların İdarə Heyətinin üzvlüyünə nail olunduğunu söyləyib.

Sonra Vüqar Gülməmmədov Palatanın kənar dövlət maliyyə nəzarəti (KDMN) fəaliyyəti barədə məlumat verərək, 2025-ci ildə auditlərin əhatəsinin nisbətən artırılmasına, auditlərin sayı üzrə stabilliyin saxlanılmasına və keyfiyyətinin yüksəldilməsinə nail olunduğunu vurğulayıb. Nəzərə çatdırıb ki, 2025-ci ilin iş planının tərtibi zamanı müvafiq icra hakimiyyəti orqanının təklifləri, Milli Məclisin deputatları tərəfindən səsləndirilən fikirlər, mediada işıqlandırılan məlumatlar, Hesablama Palatasının rəsmi internet səhifəsindəki “Audit təklif et” bölməsi vasitəsilə daxil olmuş vətəndaş müraciətləri və digər məsələlər diqqətdə saxlanılıb. Qeyd edilib ki, Hesablama Palatasının Kollegiyası tərəfindən audit və analitik fəaliyyət formasında 48 nəzarət tədbirinin keçirilməsi ilə bağlı qərarlar qəbul olunub. Onlardan 47-si hesabat ilində başa çatdırılıb, 1 auditin nəticələrinin rəsmiləşdirilməsi növbəti ilə keçirilib. 3 audit “Dövlət sirri haqqında” Qanuna əsasən məxfilik rejimində keçirilib.

Bildirilib ki, hesabat dövründə Palata tərəfindən 5-i analitik fəaliyyət və səmərəlilik, maliyyə, uyğunluq auditi şəklində olmaqla 43 audit keçirilib. 6 auditdə informasiya sistemlərinin auditinin bəzi elementlərindən istifadə olunub. 2025-ci ilin İş Planı üzrə keçirilmiş audit və analitik fəaliyyətlərlə 700-ə yaxın tabelikdə olan qurum və müəssisələr, layihələr əhatə edilib.

Qeyd olunub ki, audit və analitik fəaliyyətlərin nəticələrinə əsasən, büdcə qanunvericiliyi və dövlət satınalmaları üzrə aşkar edilmiş nöqsanların payı müvafiq olaraq 51,6% və 24,1% təşkil edib. 2025-ci ilin iş planına uyğun keçirilmiş 36 audit və analitik fəaliyyətdə büdcə vəsaitlərinin idarəedilməsi üzrə gəlir və xərclərin proqnozlaşdırılması, vəsaitlərin idarə edilməsi və icrası, əməyin ödənişi, xərc normativlərinə və prosedurlara əməl olunmaması ilə bağlı nöqsanlar aşkar edilib. Eyni zamanda, ötən il KDMN tədbirlərində dövlət satınalmaları araşdırılaraq 32 auditdə bu sahəni tənzimləyən hüquqi aktların tələblərinin pozulması hallarına rast gəlinib. Son illərdə dövlət satınalmaları sahəsində şəffaflığın artırılması və inzibatçılığın gücləndirilməsi sahəsində bir sıra islahatların həyata keçirildiyi söylənilib.

Palata sədri nəzərə çatdırıb ki, 2025-ci ildə keçirilmiş 15 audit və analitik fəaliyyətdə əsaslı xərclər üzrə hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Bildirilib ki, investisiya xərclərinin əsaslı xərclərdə payı yüksəkdir. 12 sifarişçi üzrə 42 layihə və 132 müqavilənin auditi həyata keçirilib. Yol verilmiş pozuntular, qanunvericiliyin və hesabatlılığın tələblərinin pozulması son nəticədə investisiya layihələrinin dəyərinin düzgün hesablanmamasına, aktivlərin doğru tanınmamasına və artıq vəsaitlərin istifadəsinə səbəb olub.

Bildirilib ki, kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə ümumilikdə 1554 mln. manat məbləğində nöqsan aşkarlanıb, bundan uyğunsuzluq məbləği 584,8 mln. manat, maliyyə təhrifləri 626,3 mln. manat, səmərəsiz xərclər isə 342,9 mln. manat təşkil edib. Aparılan nəzarət tədbirlərinin nəticələrinə əsasən, qurumlar tərəfindən diqqət edilməli məqamlar və əsas risklər barədə söhbət açılıb.

Sonra Vüqar Gülməmmədov Palatanın kənar dövlət maliyyə nəzarəti fəaliyyətinin təsiri ilə yaradılmış əlavə dəyər barədə danışıb. O, diqqətə çatdırıb ki, keçirilmiş audit və analitik fəaliyyət nəticəsində 47 kollegiya qərarı qəbul edilib, bu qərarlarla 303 tədbir müəyyən edilib. Bu tədbirlərdən 35-nin qanunvericiliklə icra üçün müəyyən edilmiş müddəti bitməmiş, qalan tədbirlərdən 202-si tam, 29-u qismən icra edilmiş, 37-si isə hesabat tərtib olunduğu vaxtadək icra edilməmişdir. Bu isə 71,5% icra deməkdir. KDMN nəticələrinin təhlili 2 və daha çox sayda audit keçirilmiş obyektlərin 75,0%-də Hesablama Palatasının əvvəlki təklif və tövsiyələrinin nəzərə alınması ilə müvafiq obyektlərin maliyyə fəaliyyətlərində intizamın nisbətən gücləndiyini göstərir.

Qeyd olunub ki, 2025-ci ilin iş planı üzrə dövlət vəsaitinin bərpası istiqamətində 101,5 mln. manata qarşı 93,9 mln. manat icra edilib. Hesabat tərtib edilən tarixədək KDMN obyektləri tərəfindən tam bərpa edilməyən məbləğlərə dair məlumatların təhlili bu məbləğin 76,1%-nin qurumlar tərəfindən bərpasının davam etdirildiyini, 23,9%-nin isə kollegiya qərarı üzrə qanunvericiliklə müəyyən edilmiş müddətin bitmədiyini göstərir.

Palata sədri bildirib ki, 2025-ci ildə dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələri və icrası üzrə Hesablama Palatası tərəfindən 6 rəy hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. 2024-cü ilin dövlət büdcəsinin icrasına rəy ilə cəmi uyğunsuzluq məbləği 349,5 mln. manat, 2026-cı ilin büdcə layihəsinə verilmiş rəy ilə dövlət büdcəsi xərclərinin Vahid Büdcə Təsnifatına uyğun nəzərdə tutulmaması ilə bağlı uyğunsuzluq məbləği isə 236,3 mln. manat, bundan qanun layihəsinə təsir edən məbləğin isə 160,4 mln. manat olduğu müəyyən edilib.

Palatanın beynəlxalq fəaliyyəti ilə bağlı diqqətə çatdırılıb ki, hesabat dövründə həmkar AAO-lar ilə müxtəlif mövzularda paralel auditlər aparılıb, beynəlxalq tədbirlərdə iştirakla qabaqcıl təcrübələrin öyrənilməsi, fikir mübadiləsi və potensialın gücləndirilməsinə nail olunub, beynəlxalq platformalarda fəal təmsilçilik reallaşdırılıb. Palata sədri 2026-cı ildə qarşıda duran əsas vəzifələr barədə də məlumat verib.

Sonra hesabat ətrafında geniş müzakirə aparılıb. Müzakirədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, komitə sədrinin müavini Azər Badamov, komitə üzvləri Heydər Əsədov, Ziyad Səmədzadə, Tahir Mirkişili, Əli Məsimli, Aydın Hüseynov, Vüqar Bayramov və Rövşən Muradov çıxış ediblər, hesabat barədə fikirlərini bildiriblər.

Deputatlar qeyd ediblər ki, təqdim olunan hesabat qanunvericiliyin tələblərinə uyğun şəkildə hazırlanıb və büdcə vəsaitlərinin auditi həm milli normativ-hüquqi aktlara, həm də beynəlxalq audit standartlarına uyğundur. Vurğulanıb ki, palata ötən il qarşıya qoyulan hədəflərə nail olub, kənar dövlət maliyyə nəzarətinin əhatə dairəsi qənaətbəxşdir, dövlət vəsaitlərinin bərpası istiqamətində həyata keçirilən əməli addımlar təqdirəlayiqdir.

Çıxışlarda Hesablama Palatasının fiskal siyasətə təsir edən mühüm institut kimi rolu yüksək qiymətləndirilib, dövlət maliyyəsi sahəsində verilən tövsiyələrin icra səviyyəsinin artırılmasının vacibliyi xüsusi qeyd olunub. Eyni zamanda, maliyyə nəzarətində səmərəlilik auditinin genişləndirilməsi, analitik fəaliyyətin gücləndirilməsi, risk əsaslı audit modelinin tətbiqi, ali audit nəzarətində rəqəmsallaşma və süni intellekt texnologiyalarından istifadənin artırılması ilə bağlı təkliflər səsləndirilib.

Palatanın sədri Vüqar Gülməmmədov deputatların qaldırdıqları məsələlərə münasibət bildirdikdən sonra Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında Hesabat Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

İclasda Milli Məclisin deputatları Müşfiq Cəfərov, Əlibala Məhərrəmzadə, Məşhur Məmmədov, Zaur Şükürov, Hesablama Palatası sədrinin müavini Nəsir Sadıqov, palatanın auditorları və digər rəsmi şəxslər iştirak ediblər. 

İqtisadiyyat