Qlobal miqyasda alternativ enerjiyə keçid sürətlənməkdədir. Lakin real vəziyyət göstərir ki, ənənəvi yanacaq növləri hələ uzun illər dünya iqtisadiyyatında mühüm rol oynamaqda davam edəcək. Bunun əsas səbəbi alternativ enerji istehsalının hələlik tələb olunan həcmdə olmamasıdır. Bu vəziyyətin yaxın onilliklərdə köklü şəkildə dəyişəcəyi gözlənilmir. Məhz bu kontekstdə təbii qaz və xüsusilə neft müasir dünyada qlobal iqtisadiyyatın, sənayenin və beynəlxalq münasibətlərin əsas dayaqlarından biri olaraq qalır.
XIX əsrin sonlarından etibarən sənaye inqilabının sürətlənməsi ilə neftə olan tələbat kəskin şəkildə artıb. XXI əsrdə isə bu enerji resursunun strateji əhəmiyyəti daha da güclənib. Bu gün neft təkcə enerji mənbəyi deyil, eyni zamanda iqtisadi, siyasi və geosiyasi faktor kimi dünya nizamının formalaşmasına təsir göstərir. Aparılan təhlillər sübut edir ki, hazırda dünyada istehlak olunan enerjinin böyük hissəsi hələ də neft və neft məhsullarının payına düşür. Alternativ enerji mənbələrinin inkişafına baxmayaraq, neft enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı mövqeyini qoruyur. Xüsusilə inkişaf etməkdə olan ölkələr üçün neft hələ də effektiv və əlçatan enerji mənbəyi olaraq qalır. İnkişaf etmiş ölkələrin sənayesində də neftin rolu həlledici olaraq davam edir.
Beləliklə, neftin dünya iqtisadiyyatındakı rolu danılmazdır. Neft hasilatı və ixracı bir çox ölkələrin dövlət büdcəsinin əsas gəlir mənbələrindən biridir. Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri, Rusiya, ABŞ, Kanada, Norveç və Azərbaycan kimi ölkələr məhz neft gəlirləri hesabına iqtisadi inkişaflarını təmin edib, regional və qlobal miqyaslı infrastruktur layihələri həyata keçiriblər. Azərbaycan da daxil olmaqla hasilatçı ölkələrin əksəriyyəti qlobal enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı aktorlar kimi çıxış edir.
Tarixi baxımdan Azərbaycan nefti təkcə milli iqtisadiyyatın deyil, həm də dünya enerji sisteminin mühüm tərkib hissəsi olub. Bu gün də Azərbaycan nefti qlobal enerji təhlükəsizliyinin təmin olunmasında, beynəlxalq əməkdaşlığın genişlənməsində və regionun geosiyasi əhəmiyyətinin artmasında xüsusi rol oynayır. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanı beynəlxalq enerji bazarında etibarlı tərəfdaşa çevirib. Bu müqavilə ilə əsası qoyulan iri enerji layihələri ölkənin qlobal əhəmiyyətini daha da artırıb.
Xüsusilə Bakı-Tiflis-Ceyhan əsas ixrac neft kəməri Xəzər neftinin Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxarılmasını təmin edir. Bu kəmər təkcə iqtisadi layihə deyil, eyni zamanda siyasi və strateji məna daşıyır. O, Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və neft tədarükündə alternativ marşrutların formalaşmasına xidmət edir.
Son illərdə təbii səbəblər üzündən istismarda olan bəzi yataqlarda neft hasilatının azalması müşahidə edilsə də, bu prosesin müvəqqəti xarakter daşıdığı bildirilir. Azərbaycanda yaxın perspektivdə növbəti neft bumunun yaşanacağı istisna edilmir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Davosda "Euronews" televiziyasına müsahibəsindən sonra keçirilən “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə danışıb. Dövlət başçısı qeyd edib ki, hazırda qaz hasilatı artırılır, neft hasilatı isə azaldılır, lakin neft hasilatının sabitləşdirilməsi və hətta artırılması ilə bağlı planlar mövcuddur. Onun sözlərinə görə, beynəlxalq enerji şirkətləri tərəfindən aparılan kəşfiyyat işləri müsbət nəticə verərsə, Azərbaycanda ikinci mühüm neft bumunun baş verməsi mümkündür.
Prezident İlham Əliyev bu mövzuya ötən ilin avqustunda "ExxonMobil Corporation" şirkəti ilə SOCAR arasında əməkdaşlığa dair memorandumun imzalanması fonunda Vaşinqtonda Azərbaycan mediasına verdiyi müsahibədə də toxunub. Dövlət başçısı bildirib ki, bu memorandum böyük layihə ilə nəticələnə bilər və mövcud texniki göstəricilər Azərbaycanda yeni iri karbohidrogen ehtiyatlarının kəşf edilə biləcəyinə işarə edir.
Təbii ki, yeni neft bumu ölkə iqtisadiyyatının inkişafına əlavə təkan verəcək. Prezident İlham Əliyev cari ilin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində qeyd edib ki, neft hasilatı sabitləşdikdən sonra ÜDM üzrə daha yüksək göstəricilər gözlənilir. Bununla yanaşı, dövlət başçısı vurğulayıb ki, əsas məqsəd iqtisadi artımı əhalinin rifahının yüksəldilməsinə, azad edilmiş ərazilərin bərpasına və müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəltməkdir.
Xüsusi qeyd edilməli məqamlardan biri də Azərbaycan neftinin dünya bazarlarında yüksək keyfiyyəti ilə seçilməsidir. "Azeri Light" markalı neft aşağı kükürdlü və yüksək keyfiyyətli olması səbəbindən beynəlxalq bazarlarda yüksək qiymətləndirilir. Bu amil Azərbaycanın neft ixracında rəqabət qabiliyyətini artırır.
Eyni zamanda Azərbaycan neft gəlirlərindən səmərəli istifadə edərək iqtisadiyyatın şaxələndirilməsinə xüsusi diqqət yetirir və bu sahədə mühüm nəticələr əldə edib. Bu yanaşma qlobal enerji keçidi dövründə ölkənin mövqelərini qorumağa imkan yaradır. Dünya alternativ enerji mənbələrinə doğru irəliləsə də, Azərbaycan nefti hələ uzun müddət qlobal enerji sistemində mühüm rol oynamaqda davam edəcək.
Nəticə etibarilə, neft müasir dövrdə dünya üçün strateji əhəmiyyətə malik əsas resurslardan biri olaraq qalır. Enerji təminatı, iqtisadi inkişaf, sənaye istehsalı və beynəlxalq siyasət neftlə sıx bağlıdır. Alternativ enerji mənbələrinin inkişafına baxmayaraq, neft yaxın onilliklərdə də qlobal sistemdə öz mövqeyini qoruyacaq.
MTM Analitik Qrupu

