Geotermal pilot layihələr hazırlanır

post-img

Milli geotermal yol xəritəsinin tərkib hissəsi kimi Azərbaycan geotermal enerjinin texniki və iqtisadi səmərəliliyini nümayiş etdirmək məqsədilə pilot layihələrin icrasını planlaşdırır. Bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi şəhərində keçirilən Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) 16-cı Assambleyası çərçivəsində Qlobal Geotermal Alyansın illik iclasında çıxışı zamanı bildirib.

Direktor müavini bildirib ki, ölkəmizdə həyata keçiriləcək pilot layihələr mərkəzləşdirilmiş istilik təchizatı sistemləri, mövcud neft və qaz quyularının istilik və məhdud həcmdə elektrik enerjisi istehsalı üçün yenidən istifadəsi, eləcə də kənd təsərrüfatında, xüsusilə istixanaların qızdırılmasında birbaşa tətbiqləri əhatə edəcək.

“Azərbaycan Respublikasının 2022–2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası”nın icrası çərçivəsində ölkədə bərpa olunan enerji mənbələrinin, o cümlədən geotermal enerjinin inkişafı istiqamətində görülən işlər barədə məlumat verən R. Hümbətova 2025-ci ildə Dünya Bankının ESMAP proqramı çərçivəsində hazırlanmış “Azərbaycanda geotermal resursların birbaşa istifadə potensialının qiymətləndirilməsi” adlı yol xəritəsi və aparılmış qiymətləndirmənin əsas nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, Azərbaycanın ilkin geotermal istilik potensialı 571,2 meqavat, geotermal elektrik enerjisi istehsalı potensialı isə 57,1 meqavat səviyyəsində qiymətləndirilir.

R.Hümbətovanın sözlərinə görə, ölkəmizdə aparılmış tədqiqat işləri çərçivəsində mövcud qanunvericilik bazası təhlil olunub, geotermal enerjinin tətbiqinin sürətləndirilməsi üçün tələb olunan stimullaşdırıcı mexanizmlər və icazəvermə prosesinin sadələşdirilməsi məqsədilə beynəlxalq təcrübə nəzərdən keçirilib. Bundan əlavə, 2027–2030-cu illəri əhatə edəcək növbəti strateji sənəd layihəsində kəşfiyyat quyularının qazılması əsasında hazırlanacaq ətraflı texniki-iqtisadi əsaslandırmanın nəzərdə tutulduğu vurğulanıb. Bu əsaslandırma geotermal mayelərin tərkibinin təhlili yolu ilə kritik mineralların hasilatı potensialının qiymətləndirilməsini də əhatə edəcək.

Direktor müavini geotermal enerjinin inkişafının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, eləcə də Naxçıvan bölgəsində yaradılan “yaşıl enerji zonaları” təşəbbüsləri ilə uyğunluq təşkil etdiyini diqqətə çatdırıb. Bu yanaşmanın sənayenin dekarbonizasiyasına töhfə verməklə bərabər, dəyişkən bərpa olunan enerji mənbələrinin balanslaşdırılması və istilik təchizatında təbii qaz istehlakının azaldılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayan R.Hümbətova bildirib ki, beynəlxalq əməkdaşlıq Azərbaycanın enerji siyasətinin əsas prioritetlərindən biridir. “Azərbaycan Qlobal Geotermal Alyansda fəal üzvlüyə xüsusi önəm verir və Alyansı bilik mübadiləsi və qabaqcıl təcrübələrin paylaşılması üçün mühüm platforma kimi dəyərləndirir”, – deyə o əlavə edib.

Yeri gəlmişkən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə müəssisəsi olan “SOCAR Green” 2030-cu ilə qədər ölkəmizdə ilk geotermal enerji stansiyasını istismara verməyi planlaşdırır. Şirkətin günəş və külək enerjisi üzrə mütəxəssisi Elçin Tarquliyevin məlumatına görə, “SOCAR Green” hazırda bioenerji sahəsinin inkişafı ilə bağlı müəyyən işlər görür. Bu baxımdan 37 meqavatlıq tullantıların yandırılması zavodunu (tam bioenerji deyil) və bir neçə kiçik layihəni misal göstərmək olar. Onun sözlərinə görə, yerli istehlakçıların çoxluğu səbəbindən belə kiçik layihələr, çox güman ki, dövlət satınalmaları vasitəsilə deyil, B2B (biznes-biznes) modeli ilə həyata keçiriləcək.

Xatırladaq ki, Qlobal Geotermal Alyansının fəaliyyətə başlaması 2015-ci il dekabrında Parisdə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflərin 21-ci Konfransı çərçivəsində elan edilib. Qurum bilik mübadiləsini asanlaşdırmaq, riskləri azaltmaq və geotermal enerjinin qlobal enerji keçidində rolunu genişləndirmək, eləcə də geotermal enerji sektorunun liderlərini, siyasətçilərini və maraqlı tərəflərini birləşdirən beynəlxalq platformadır. Qlobal Geotermal Alyansı 55 üzv ölkə və 59 tərəfdaş qurumdan ibarət təşkilatdır.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında “Bioenerji və geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi” və işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tapşırığının icrası üçün geotermal enerji sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və geotermal enerjidən istifadə sahəsində qabaqcıl dünya təcrübəsinin öyrənilməsi məqsədilə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) idarəçiliyi ilə fəaliyyət göstərən Qlobal Geotermal Alyansa (Global Geotermal Alliance) üzvlük üçün müraciət edilib. 2023-cü ildən alyansa üzv seçilən Azərbaycan qurumun işində xüsusi fəallığı ilə seçilir.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat