Qlobal iqlim çağırışları və enerji təhlükəsizliyi ilə bağlı risklərin artdığı bir dövrdə bərpaolunan enerji zəruri inkişaf istiqaməti hesab olunur. Bu kontekstdə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) 16-cı Assambleyasının keçirilməsi dünya dövlətlərinin enerji keçidinə verdiyi strateji əhəmiyyəti bir daha nümayiş etdirir.
“İnsanlığı gücləndirmək: bərpaolunan enerji ilə paylaşılan rifah” şüarı altında təşkil olunan tədbirdə yüksək səviyyəli rəsmilər, enerji siyasətini formalaşdıran qərarvericilər və beynəlxalq ekspertlər bir araya gəlib. Azərbaycan da bu mühüm platformada fəal iştirak edən ölkələr sırasındadır. Azərbaycan Energetika Nazirliyi yanında Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətovanın Assambleyada iştirakı ölkəmizin qlobal enerji gündəliyinə verdiyi töhfənin göstəricisidir.
Sessiyalar çərçivəsində bərpaolunan enerjiyə keçidin sürətləndirilməsi, iqtisadi inklüzivlik, sosial bərabərlik və insan rifahının təmin edilməsi kimi məsələlər müzakirə olunur. Eyni zamanda, “yaşıl” agentliyin “BƏƏ Konsensusu üzrə hədəflərin yerinə yetirilməsi” adlı ikinci hesabatının təqdimatı enerji sektorunda real irəliləyişlərin monitorinqi baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın IRENA ilə əməkdaşlığı uzunmüddətli və institusional xarakter daşıyır. Ölkəmiz 2009-cu ildən Agentliyin üzvüdür və 2014-cü ildə Milli Məclisin qərarı ilə IRENA-nın nizamnaməsini ratifikasiya etməklə tamhüquqlu üzv statusu qazanıb. Daha sonra, 2023–2024-cü illər üzrə IRENA Şurasına üzv seçilməsi Azərbaycanın bu təşkilat daxilində artan nüfuzunun və etimadının göstəricisi kimi qiymətləndirilir. Bu üzvlük ölkəyə qlobal enerji siyasətinin formalaşdırılmasında daha aktiv rol oynamaq imkanı yaradır.
Azərbaycanın bərpaolunan enerji strategiyası milli inkişaf prioritetlərinin ayrılmaz hissəsidir. Son illərdə ölkə iqtisadiyyatının şaxələndirilməsi, enerji balansında “yaşıl enerji”nin payının artırılması və karbon emissiyalarının azaldılması istiqamətində ardıcıl addımlar atılır. Xəzər dənizi hövzəsində külək enerjisi, Qarabağ və Şərqi Zəngəzurda Günəş enerjisi potensialı Azərbaycanın bu sahədə geniş imkanlara malik olduğunu göstərir.
Bu istiqamətdə atılan konkret addımlardan biri 8 yanvar tarixində Prezident İlham Əliyevin tədbirdə çıxış etdiyi, “Gülüstan” sarayında keçirilən “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışıdır. Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilən və 240 MVt gücə malik olan bu stansiya Azərbaycanın enerji tarixində mühüm mərhələ hesab olunur. Layihə illik minlərlə ton karbon emissiyasının qarşısının alınmasına, enerji təhlükəsizliyinin gücləndirilməsinə və “yaşıl enerji” ixracı potensialının formalaşmasına töhfə verir.
IRENA platformasında müzakirə olunan mövzular — kənd təsərrüfatı və qida sistemlərində bərpaolunan enerjinin tətbiqi, geotermal enerjinin inkişafı, enerji keçidinin maliyyə səmərəliliyi və kritik materiallar — Azərbaycanın enerji gündəliyi ilə üst-üstə düşür. Ölkə rəhbərliyi bu sahələri prioritet istiqamət kimi müəyyənləşdirərək beynəlxalq tərəfdaşlarla birgə layihələrin icrasına xüsusi önəm verir.
Azərbaycanın beynəlxalq qurumla əməkdaşlığı bilik və texnologiya mübadiləsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Agentliyin analitik hesabatları, texniki dəstəyi və qlobal təcrübəsi ölkəmizin bərpaolunan enerji layihələrinin daha səmərəli planlaşdırılmasına şərait yaradır. Bu əməkdaşlıq, eyni zamanda, Azərbaycanın Avropa və Asiya arasında “yaşıl enerji körpüsü” rolunu gücləndirir.
Nəticə etibarilə, Azərbaycan–IRENA münasibətləri qlobal enerji keçidinin real nümunəsinə çevrilir. Ölkəmizin təbii potensialı, siyasi iradəsi və beynəlxalq əməkdaşlığa açıq mövqeyi bərpaolunan enerji sahəsində dayanıqlı inkişaf üçün möhkəm zəmin formalaşdırır. Bu proses həm milli maraqlara, həm də qlobal iqlim məqsədlərinə xidmət edir.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin 16-cı Assambleyası çərçivəsində assambleyanın 17-ci sessiyasının prezidenti və dörd vitse-prezidentliyinə dair namizəd ölkələr təqdim edilib.
Coğrafi təmsilçilik və rotasiya qaydasına uyğun olaraq, assambleyanın 17-ci sessiyasına sədrlik üçün Asiya və Sakit okean regional qrupu üzrə Koreya Respublikasının namizədliyi təsdiqlənib. Assambleyanın vitse-prezidentləri isə digər dörd regional qrupun hər birindən üzv olmaqla formalaşdırılır. Vitse-prezidentlər vəzifəsinə Avropa və digərləri regional qrupundan Azərbaycanın, Afrika regional qrupundan Komor adalarının, Asiya və Sakit Okean regional qrupundan Tonqa Krallığının, Latın Amerikası və Karib dənizi regional qrupundan Qrenadanın namizədliyi təqdim edilib.
Nurlan ABDALOV
XQ

