Britaniya ilə ticarət 2 dəfə çoxalıb

post-img

Dekabrın 10-da Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikası üzrə ticarət elçisi Lord Olderdaysı qəbul edib. Dövlət başçısı ölkəmizlə bp şirkəti arasında 30 ildən artıq davam edən uğurlu əməkdaşlığı qeyd edib.

Söhbət zamanı Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında strateji tərəfdaşlıq, dostluq və etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, siyasi, iqtisadi, ticarət, investisiya, enerji, o cümlədən bərpaolunan enerji, müdafiə sənayesi, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edilib. İkitərəfli əlaqələrimizin dərinləşdirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunulub. Böyük Britaniya şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və quruculuq işlərində iştirak etməklə bu məsələyə töhfəsi məmnunluqla qeyd olunub.

Qeyd edək ki, Azərbaycanın strateji tərəfdaş olduğu dövlətlərdən biri də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığıdır. Rəsmi Bakı və London münasibətlərinin çağdaş tarixi 1990-cı illərin əvvəllərində formalaşıb. İki ölkə arasında siyasi münasibətlərin yüksələn xətlə davam etməsi iqtisadi-ticarət sahəsinə də müsbət təsir göstərib. Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi bu ilin yanvar-oktyabr aylarında 2 dəfəyə yaxın artıb. Hesabat dövründə iki ölkə arasında ticarət əməliyyatlarının həcmi 1,023 milyard ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatınna əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 409,4 milyon ABŞ dolları və ya 1,7 dəfə çoxdur.

2025-ci ilin ilk 10 ayında Böyük Britaniya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,50 faizi həcmində olub. Bununla da sözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 7-ci pillədə qərarlaşıb.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Böyük Britaniyaya 278 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 122,6 milyon ABŞ dolları və ya 30,6 faiz azdır. Nəzərdə tutulan dövr ərzində Böyük Britaniyaya ixrac edilmiş məhsulların 273 milyon ABŞ dollarını bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları təşkil edib. Bu dəyərdə neft ixracının həcmi isə 514,9 min tona bərabər olub.

Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 10 ayında Azərbaycandan Böyük Britaniyaya neft ixracı dəyər ifadəsində 117,8 milyon dollar və ya 30,1 faiz, həcm baxımından isə 135,2 min ton və yaxud 20,8 faiz azalıb. Bununla da Böyük Britaniya hesabat dövründə Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr siyahısında 7-ci pillədə qərarlaşıb.

Eyni zamanda, hesabat dövründə Böyük Britaniyadan Azərbaycana 744,7 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 532 milyon ABŞ dolları və ya 3,5 dəfə artım deməkdir. Bununla da hesabat dövründə Böyük Britaniya Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında 6-cı pillədə qərarlaşıb.

Xatırladaq ki, Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran dövlətlər sırasında birincidir. Bu ölkə 2023-cü ilin sonunadək Azərbaycan iqtisadiyyatına ümumilikdə 83 milyard ABŞ dolları həcmində sərmayə qoyub. Azərbaycanda 500-dən çox Birləşmiş Krallıq investisiyalı kommersiya qurumu fəaliyyət göstərir.

İki ölkə arasında iqtisadi münasibətlərdə xüsusilə neft-qaz sahəsində əməkdaşlıq əsas rol oynayır. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandıqdan sonra SOCAR ilə Britaniya şirkəti bp arasında enerji sektorunda səmərəli və davamlı tərəfdaşlıq formalaşıb. Bunun davamı olaraq, 2017-ci il sentyabrın 14-də tərəflər Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının 2050-ci ilədək işlənməsini nəzərdə tutan yeni razılaşmaya imza atıblar. bp “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi böyük enerji layihələrinin operatoru olmaqla yanaşı, Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizinin əsas hissələrindən olan Cənubi Qafqaz boru kəməri, TANAP və TAP kimi genişmiqyaslı layihələrin də aparıcı investorları sırasında yer alır. Bundan əlavə, 2018-ci il aprelin 26-da Prezident İlham Əliyevin Böyük Britaniyaya həyata keçirdiyi işgüzar səfər zamanı bp və SOCAR arasında Xəzər dənizinin Azərbaycan sektorunda, Şimali Abşeron hövzəsində yerləşən D230 sahəsinin birgə araşdırılması və işlənməsi məqsədilə hasilatın pay bölgüsünə dair yeni müqavilə imzalanıb.

Yeri gəlmişkən, bp ilə əməkdaşlıq yalnız neft-qaz sahəsi ilə məhdudlaşmır. Müasir çağırışlara uyğun olaraq, “yaşıl enerji” istiqamətində də fəal birgə fəaliyyət həyata keçirilir. Şirkət hazırda Cəbrayılda 240 MVt gücündə Şəfəq Günəş Elektrik Stansiyasının tikintisini icra edəcək. Bu obyekt işğaldan azad olunmuş ərazilərdə reallaşdırılan ilk sənaye miqyaslı günəş enerjisi layihəsi olmaqla yanaşı, həmin bölgələrdə həyata keçirilən ən böyük birbaşa xarici investisiya təşəbbüsüdür.

Layihə 3 iyun 2021-ci ildə Energetika Nazirliyi ilə bp arasında imzalanmış İcra Müqaviləsinə əsasən həyata keçirilir. Şəfəq GES-də illik təxminən 500 milyon kilovat-saat elektrik enerjisi istehsalı nəzərdə tutulur. Bu isə ildə 120–150 milyon kubmetr həcmində təbii qaza qənaət və 260–330 min ton karbon emissiyasının azalması deməkdir.

Stansiyanın səhmdarları bp, SOCAR və Azərbaycan İnvestisiya Şirkətidir və layihəyə ümumilikdə, təxminən, 200 milyon ABŞ dolları həcmində sərmayə qoyulması planlaşdırılır. Ötən gün bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli III Sənaye Təhlükəsizliyi Zirvəsində çıxışı zamanı deyib ki, artıq Cəbrayıla 13 milyon dollar dəyərində günəş panelləri gətirilib və yaxın zamanda stansiyanın tikintisinə start veriləcək.

Eldəniz ƏMİROV,
iqtisadçı

Ümumiyyətlə, hesab edirəm ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Digər ölkələr də Azərbaycana dost, tərəfdaş və müttəfiq kimi dəstək göstərsələr də, Böyük Britaniyanın ölkəmizin bugünkü qüdrətinin formalaşmasında, beynəlxalq nüfuzunun artmasında və beynəlxalq arenalarda mövqeyinin qorunmasında müstəsna rolu vardır. Bu, xüsusilə Vətən müharibəsi zamanı BMT-dəki səsvermələrdə də aydın şəkildə görünüb.

İqtisadi sahədə də Böyük Britaniyanın rolu mühümdür. 2023-cü ildə Azərbaycan və Böyük Britaniya arasında ticarət əlaqələri yüksək səviyyədə olub, sonrakı dövrlərdə isə müəyyən eniş müşahidə olunub. Lakin 2025-ci ilin 9 ayı ərzində ticarət dövriyyəsi 1 milyard dolları ötərək yenidən sürətli artım nümayiş etdirib. Bundan əlavə, Böyük Britaniya Azərbaycanın ən böyük xarici investisiya tərəfdaşıdır. Ölkəmizə yönəlmiş ən böyük xarici sərmayələr məhz bu ölkədən gəlir.

Enerji sahəsində də Böyük Britaniyanın rolu əvəzsizdir. bp şirkəti 30 ilə yaxındır Azərbaycanda fəaliyyət göstərir və ölkəmizə yönəlmiş xarici investisiyaların ən böyük subyektlərindən biridir. “Azəri–Çıraq–Günəşli” yataqlarında indiyə qədər 45 milyard dollardan çox investisiya qoyulub. Həmçinin “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi, Cənub Qaz Dəhlizi layihəsi, TANAP və TAP layihələrinin icrası prosesində bp-nin iştirakı Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir.

Bütün bunlar göstərir ki, Böyük Britaniya yalnız enerji sektorunda deyil, həmçinin iqtisadi və strateji əməkdaşlıq sahələrində də Azərbaycanın etibarlı tərəfdaşıdır.

Musa BAĞIRLI
XQ



İqtisadiyyat