Ölkənin bərpaolunan enerji sektoru sürətlə inkişaf edir
Prezident İlham Əliyevin noyabrın 12-də “China Datang Corporation Ltd.” şirkətinin Direktorlar Şurasının sədri Lü Cün rəhbərliyində olan nümayəndə heyətini qəbul etməsi Azərbaycan – Çin iqtisadi dialoqunda növbəti müsbət amilin göstəricisi oldu. Görüş zamanı Çin şirkətinin geniş tərkibli nümayəndə heyətinin Bakıya səfərinin əməkdaşlığın gələcək istiqamətlərinin müzakirəsi baxımından xüsusi önəm daşıdığı vurğulandı.
Hazırda bir çox Çin şirkətinin Azərbaycanda fəaliyyət göstərməsi buna əyani misaldır. Üstəlik, ölkəmiz ilə “China Datang Corporation Ltd.” şirkəti arasında enerji keçidi, yaşıl enerji və yaşıl sənaye parkı layihələri ilə bağlı fikir mübadiləsi formalaşan yeni enerji mühitində olduqca önəmlidir.
Yeri gəlmişkən, energetika naziri Pərviz Şahbazovun sözügedən şirkətin nümayəndə heyəti ilə görüşü də enerji sektorunun iki ölkə arasında strateji tərəfdaşlığın əsas dayaqlarından biri olduğunu göstərir. “China Datang Overseas Investment Co. Ltd” şirkəti ilə quruda 100 MVt gücündə günəş, dənizdə isə 2 QVt gücündə külək enerjisi layihələrinin reallaşdırılması planlaşdırılır. Layihələr “Yaşıl Enerji Dəhlizi” təşəbbüsünün reallaşmasına töhfə vermək məqsədi daşıyır. Bu, regionda bərpaolunan enerji sahəsində Azərbaycanın liderliyini daha da gücləndirəcək.
Müzakirələrdə dəniz küləyi layihələrinin həyata keçirilməsi üçün texniki və iqtisadi məsələlər dəyərləndirilib. Külək turbinlərinin daşınması və quraşdırılması, avadanlıqların yerli istehsalının təşkili, sualtı kabellər və enerjinin ötürülməsi üzrə detallı fikir mübadiləsi aparılıb. Bu istiqamətdə atılan addımlar gələcəkdə Azərbaycanın yaşıl enerji ixracatçısına çevrilməsi ehtimalını artırır. Görüşdə günəş enerjisi sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri də diqqət mərkəzində olub. Tərəflər bu sahədə əməkdaşlığın ekoloji baxımdan böyük əhəmiyyət daşıdığını vurğulayıblar.
Energetika Nazirliyi, “China Datang Overseas Investment Co. Ltd” və “SOCAR Green” MMC arasında imzalanan icra müqaviləsi Azərbaycan–Çin tərəfdaşlığının konkret nəticəyə çevrilməsini təmin edir. Bu sənəd iki ölkə arasında yaşıl enerji sahəsində dərin iqtisadi inteqrasiyanın göstəricisidir.
Bir məqamı da xatırladaq ki, ölkə başçısının bu ilin aprel ayında Çinə səfəri əldə olunan razılaşmaların nüvəsini təşkil edir. Belə ki, səfər çərçivəsində bərpaolunan enerji sahəsində əməkdaşlığa dair 6 sənəd imzalanmışdı və bu 260 MVt gücündə günəş elektrik stansiyaları, 100 MVt-lıq üzən günəş elektrik stansiyası, 30 MVt gücündə batareya enerji saxlanc sistemi, dənizdə minimum 2 QVt gücündə külək elektrik stansiyasının inşası, daha 2 MVt gücündə külək enerjisi layihəsinin inkişafı, eləcə də bərpa olunan enerji və elektrik enerji sisteminin planlaşdırılması üzrə əməkdaşlığı əhatə edir.
Nəzərə almaq lazımdır ki, Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib. Belə ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 37 faiz artaraq 1.4 milyard ABŞ dollarını üstələyib. Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Çin arasında ticarət əməliyyatlarının həcmi 745,4 milyon ABŞ dolları təşkil edib. Göstəricilər 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 262,1 milyon ABŞ dolları və ya 54,2 faiz çoxdur. Həmin dövrdə Azərbaycandan Çinə 10,9 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,8 milyon ABŞ dolları və ya 5,3 dəfə çoxdur.
Azər BADAMOV,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini
Çin üçün Azərbaycan vacib geostrateji əhəmiyyətə və mövqeyə malik tərəfdaşdır. Azərbaycan coğrafi mövqeyi ilə nəqliyyat və kommunikasiyaların mərkəzində dayanmaqla Çini, Orta Asiyanı və Avropanı birləşdirir, etibarlı tranzit mərkəzi kimi fəaliyyət göstərir. Azərbaycan həm də Çinə Rusiyanı əhatə edən Avropaya yeganə quru yoluna çıxış da təklif edir.
Azərbaycan-Çin ticarət dövriyyəsinin artırılması ilə bağlı qurulan böyük planlar hər iki tərəfin iqtisadi potensialına da, siyasi iradəsinə də uyğundur, maraqlarımıza cavab verir. Çinin şəhərlərindən Azərbaycana, burdan da Qərbə konteyner qatarları yola salınır. Qatarların sayı hər keçən il artır. Dövlət başçımız forumda onların daha da artacağı ilə bağlı əminlik ifadə etmişdi. Azərbaycan Si Cinpin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsünü lap öncədən dəstəkləyən tərəfdir. Ölkədə məhz bu təşəbbüsə uyğun nəqliyyat-logistika infrastrukturunun hazır edilməsi Azərbaycanın yanaşmasının aydın, konkret ifadəsidir. Çin tərəfindən Mərkəzi Asiyada maliyyələşdirilən yeni dəmir yolu arteriyaları Xəzər dənizindən ölkəmizə, sonra isə beynəlxalq marşrutlar boyu yük axınlarının həcminin artmasına gətirib çıxaracaq.
Bərpaolunan enerji enerjinin yeni növü kimi üzə çıxmaqla yanaşı, öz reallıqlarını da diktə edir. Bu reallıqların realizəsi yolunda etibarlı tərəfdaşlıqlar qurulmalıdır. Çünki inşası kifayət qədər vəsait tələb edən layihələrə başlamaq üçün ilk növbədə qarşılıqlı inam və etimad olmalıdır. Bu gün qabaqcıl Çin şirkətləri Günəş elektrik stansiyalarının tikintisi layihələrinin reallaşmasında podratçı qismində fəal iştirak edirlər. Bərpaolunan enerjiyə keçid, yaşıl enerji və yaşıl sənaye parkı layihələrinin icrası ilə Azərbaycan - Çin iqtisadi münasibətlərinin yeni bir xətti açılacaq, bu istiqamət daha da genişlənəcək. Çin şirkətləri bu istiqamətdə maraq göstərməklə yanaşı, həm də rəqabət içindədirlər. Çinin “China Datang Corporation Ltd.” şirkəti bu sahənin ən mötəbər şirkətlərindən biridir. Bütövlükdə qeyd etməliyik ki, Azərbaycanda investor şirkətlər tərəfindən alınan Günəş panelləri Çin istehsalıdır. Çin şirkətləri ilə Azərbaycan bərpaolunan enerjinin həm günəş, həm də külək enerjisi sahəsində əməkdaşlığa başlayıb. Bu vaxta qədər imzalanan sazişlərə əlavə olaraq sözügedən şirkətlə də əməkdaşlığın qurulması, dərinləşdirilməsi mövcud sahə də daxil olmaqla qarşılıqlı faydalı əməkdaşlığımıza mühüm töhfə verəcək.
Çin ilə Azərbaycan münasibətləri dövlət başçıları səviyyəsində yüksək olmaqla, habelə nazirlər səviyyəsində olduqca fəal siyasi dialoq gedir. Bu isə əməkdaşlığın müxtəlif profillər üzrə dərinləşdirilməsinə gətirib çıxaracaq. Bütün bunlara əlavə olaraq Çində Azərbaycanın bir neçə ticarət evinin fəaliyyət göstərməsi də perspektivləri artırır.
Elman SADIQOV,
iqtisadçı ekspert
Bu sənədin əhəmiyyəti yalnız 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisi ilə məhdudlaşmır. Gələcəkdə 2 QVt gücündə dənizdə külək enerjisi layihəsinin reallaşdırılması, enerji saxlanc sistemlərinin yaradılması, “Yaşıl Enerji Dəhlizi” təşəbbüsü və Azərbaycanla Çin arasında enerji mütəxəssislərinin təcrübə mübadiləsini nəzərdə tutan əməkdaşlıq da planlaşdırılır. Azərbaycan üçün yaşıl enerji sektoru yeni inkişaf mərhələsindədir. Bu səbəbdən mütəxəssislərin hazırlanması, onların bilik və bacarıqlarının artırılması xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə əməkdaşlıq iki ölkə arasında bağlanan müqavilələrin vacib tərkib hissəsidir.
Qeyd edilməlidir ki, 12 noyabrda imzalanan bu müqavilələrin əsası Prezident İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri zamanı müxtəlif Çin şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlərdə qoyulub. Həmin görüşlər nəticəsində əldə olunan ilkin razılaşmalar indi konkret layihələr şəklində həyata keçirilir.
Gözlənilir ki, yaxın gələcəkdə digər Çin şirkətləri ilə də SOCAR, Energetika Nazirliyi və digər dövlət qurumları arasında yeni müqavilələr imzalanacaq. Bu razılaşmaların bir qismi süni intellekt və yeni texnologiyalar sahəsini, bir qismi isə elektriklə işləyən nəqliyyat vasitələrinin istehsalı, ekoloji və infrastruktur layihələrini əhatə edəcək. Tullantıların təmizlənməsi, göllərin və çirklənmiş su hövzələrinin bərpası üzrə əməkdaşlıq da gündəmdədir.
İmzalanan 100 MVt gücündə günəş elektrik stansiyası layihəsi üçün təxminən 700 milyon ABŞ dolları həcmində investisiya nəzərdə tutulur. Bu məbləğ texniki şərtlərdən, istifadə ediləcək avadanlıqlardan və bazar qiymətlərindən asılı olaraq dəyişə bilər. Layihənin icrası zamanı təxminən 100–200 nəfər müvəqqəti, 30–40 nəfər isə daimi işlə təmin olunacaq. Bu da yeni iş yerlərinin yaradılması baxımından mühüm hadisədir.
Ən önəmli məqamlardan biri isə “Yaşıl Enerji Dəhlizi” konsepsiyasının formalaşmasıdır. Bu dəhliz vasitəsilə Azərbaycanda istehsal olunan bərpaolunan enerji beynəlxalq bazarlara ixrac ediləcək. Xüsusilə Avropa ölkələri üçün elektrik enerjisinə artan tələbat fonunda bu istiqamət getdikcə daha da aktuallaşır.
Nurlan ABDALOV
XQ



