Büdcə gəlirləri xərcləri üstələyib

post-img

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 26 milyard 359,4 milyon manat, xərcləri isə 22 milyard 308 milyon manat təşkil edib. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,5 faiz çox və 0,2 faiz azdır.

Maliyyə Nazirliyinin məlumatına əsasən hesabat dövründə büdcə gəlirləri proqnozdan 2,7 faiz çox, büdcə xərcləri isə proqnozdan 6 faiz az icra edilib. Son nəticədə 8 ayda büdcədə 4 milyard 51,4 milyon manat profisit yaranıb ki, bu da əvvəlki ilə nisbətən 41,6 faiz çoxdur. 

Yeri gəlmişkən, bu ilin 8 ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 11 milyard 561,1 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz çoxdur. Ümumilikdə, vergi daxilolmaları proqnozdan 5,4 faiz çox icra edilib.

Cari ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xətti ilə dövlət əmlakının icarəsindən büdcəyə 30,3 milyon manat vəsait daxil olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,8 faiz çoxdur. İcarə daxilolmaları proqnozu 31 faiz üstələyib.

XQ

 

İqtisadiyyat