Hökumət dövlət-özəl tərəfdaşlığı layihələrini təsdiq edib

post-img

İqtisadiyyat Nazirliyinin məlumatına görə, Nazirlər Kabinetinin 2025-ci il 11 iyul tarixli sənədi ilə 2026-cı il üzrə dövlət – özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib. Sənəddə təhsil, ətraf mühit, qida təhlükəsizliyi, su, turizm və nəqliyyat sahələrində strateji əhəmiyyət daşıyan layihələrin özəl sektorla sıx əməkdaşlıq formasında həyata keçirilməsi nəzərdə tutulub.

Siyahıda yer alan “Bakı şəhərində elmi-texnoloji parkın inşası və idarə edilməsi”, “Lənkəran rayonunda bərk məişət tullantılarının idarə edilməsi”, “Heyvan cəsədləri və bioloji tullantıların utilizasiya mərkəzlərinin inşası”, “Hövsan aerasiya qurğusunun təmiri və çirkab suların təkrar emalı ilə bağlı yeni qurğuların quraşdırılması”, “Kəlbəcər rayonunda turizm – istirahət zonasının yaradılması”, “Yük avtonəqliyyat parklarının yaradılması” layihələri ölkənin dayanıqlı inkişaf strategiyasına uyğun olaraq sosial – iqtisadi sahələrdə infrastrukturun təkmilləşdirilməsinə, ətraf mühitin qorunmasına, eləcə də turizm potensialının artırılmasına yönəlib.

Dövlət – özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan bu layihələr ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, investisiyaların artırılması və innovativ həllərin tətbiqinin genişləndirilməsi baxımından mühüm önəm daşıyır.

 

İqtisadiyyat