Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Bakı şəhəri və regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı keçirilən maarifləndirmə tədbirlərini davam etdirir.
Növbəti görüş agentliyin təşəbbüsü, Bakı Şəhər İcra Hakimiyyəti və Nəsimi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunub. “Sahibkarlıq subyektləri ilə istehlakçı hüquqlarının müdafiəsi” mövzusunda keçirilən tədbirdə paytaxtın Nəsimi rayonunun ərazisində ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələri üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləri iştirak ediblər.
Toplantını giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Zahid Xəlilov tədbir iştirakçılarını salamlayaraq istehlakçı hüquqlarının müdafiəsi sahəsində keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söhbaət açıb. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin istehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı və istehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərovun təqdimatla çıxış ediblər.
Çıxışlar zamanı ölkə iqtisadiyyatının dinamik inkişafı, əhalinin sosial rifahının daha da yaxşılaşması fonunda müxtəlif mal və xidmətlərə olan tələbatın artdığı qeyd olunub. Belə bir şəraitdə istehlakçıların öz hüquqlarının müdafiəsinə daha çox əhəmiyyət verdiyi diqqətə çatdırılıb. Eyni zamanda, ölkəmizdə istehlakçı hüquqlarının müdafiəsi üçün etibarlı və dayanıqlı mexanizmlərin formalaşdırıldığı, bu sahəni tənzimləyən bir sıra normativ-hüquqi aktların qəbul edildiyi vurğulanıb.
Görüş zamanı, həmçinin sahibkarlara istehlakçı hüquqlarının qorunması ilə bağlı hüquqi normalar izah edilib, şəffaf xidmətlərin göstərilməsi, istehlakçı etimadının qazanılması və müştəri məmnuniyyətinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.