Nəvaidə “yaşıl” yarımstansiya

post-img

Ölkənin ən böyük enerji obyektlərindən biri burada tikilir

Azərbaycanda tikilən 2 qiqavat bərpaolunan enerji mənbələrinin enerjisistemə inteqrasiyasını dayanıqlı və təhlükəsiz şəkildə həyata keçirmək, əsas qovşaq yarımstansiyası funksiyasını daşımaq üçün lazımi infrastuktur yaradılır. Bu məqsədlə ölkənin ən böyük yarımstansiyalarından biri sayılan 500/330 kilovoltluq yeni “Nəvai” yarımstansiyası inşa edilir.

“AzərEnerji” tərəfindən inşa olunan yarımstansiyadan ölkənin müxtəlif istiqamətlərinə yüksəkgərginlikli ötürmə xətləri çəkilir. “Nəvai” yarımstansiyası, eləcə də yeni çəkilən 500 və 330 kilovoltluq yüksək gərginlikli xətlər ötürücü sistemdə yeni mərhələnin başlamasıdır.

“AzərEnerji” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, qeyd olunan layihə iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə “AzərEnerji”nin daxili imkanları və bir hissəsi dövlət büdcəsi hesabına ayrılan vəsaitlə yeni yarımstansiyanın və onun 330 kilovoltluq tərəfinin, o cümlədən Nəvaidən Abşerona 500 kilovotluq, “Biləsuvar” və “Bankə” günəş elektrik stansiyalarına 330 kilovoltluq ötürmə xətlərinin tikintisi aparılır.

İcra qrafikinə əsasən, 2024-cü ilin sentyabr ayından başlanılan işlərin əsas hissəsi görülüb. Bu mərhələ üzrə işlərin isə cari ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Bununla, “Bankə” və “Biləsuvar” günəş elektrik stansiyalarının enerjisistemə qoşulması öhdəliyi yerinə yetiriləcək.

Bu irimiqyaslı enerji layihəsinin ikinci mərhələsində isə Dünya Bankının maliyyələşdirilmə hissəsinə start verilməsi nəzərdə tutulur. Belə ki, bankın krediti hesabına “Nəvai” yarımstansiyasının 500 kilovoltluq tərəfinin, yarımstansiya üçün transformator və əlaqəli avadanlıqların alınması və quraşdırılması, eləcə də adıçəkilən obyektdən Mingəçevirə 500 kilovoltluq, o cümlədən Ələt, Abşeron, və Qobuya 330 kilovoltluq ötürmə xətlərinin tikintisi həyata keçiriləcək. Bu mərhələnin isə 3 il müddətinə icra olunması nəzərdə tutulub.

 

İqtisadiyyat