Burada hazırlanan məhsulların çoxu ixrac edilir
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Mingəçevir Sənaye Parkında indiyədək 326 milyon manatlıq məhsul satışı həyata keçirilib. Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.
Bildirilib ki, sənaye parkında istehsal olunmuş məhsulların 276,6 milyon manatlıq hissəsi və ya 84 faizi ixrac edilib. Sənaye parkında görülmüş işlərə, ümumilikdə, 159 milyon manat investisiya yatırılıb. 26 hektar ərazidə yaradılmış parkda ötən müddətdə 570 daimi iş yeri yaradılıb.
Qeyd edək ki, Mingəçevir Sənaye Parkı ölkə Prezidentinin 2015-ci il 26 fevral tarixli Fərmanı ilə yaradılıb. Bundan da məqsəd ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkil edilməsi, eləcə də əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasından ibarətdir.
Sənaye Parkının əsas fəaliyyət istiqaməti tekstil və yüngül sənayenin inkişaf etdirilməsidir. “Mingəçevir Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyəti Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Fabrikdə Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında “Ring” və “Open End” üsulu ilə iplik istehsal edilir.