Azərbaycan – Qazaxıstan aqrar layihələri

post-img

Azərbaycan və Qazaxıstan kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, birgə layihələrin icra edilməsi və nəzərdə tutulan planların həyata keçirilməsi barədə razılığa gəliblər. Bu barədə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi açıqlama yayıb.

Nazirliyin məlumatına görə, bununla bağlı razılıq kənd təsərrüfatı üzrə işçi qrupunun ilk iclasında əldə olunub. Videokonfrans formatında keçirilmiş iclasda iki ölkənin kənd təsərrüfatı nazirlərinin müavinləri Elçin Zeynalov və Ermek Kenjehanulı iştirak ediblər. Qeyd olunub ki, görüşdə aqrar sektorda ikitərəfli əməkdaşlığın inkişafının əhəmiyyəti vurğulanıb, işçi qrupun yaradılmasının qarşılıqlı fəaliyyətin gücləndirilməsinə və əməkdaşlığın konkret istiqamətlərinin müəyyənləşdirilməsinə yönəldiyi qeyd olunub.

Tərəflər kənd təsərrüfatı məhsulları ticarətinin genişləndirilməsini müzakirə ediblər. Bununla yanaşı, Qazaxıstandan Azərbaycana kənd təsərrüfatı heyvanlarının damazlıq materiallarının tədarükü perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Görüş iştirakçıları, həmçinin kənd təsərrüfatı bitkilərinin toxumlarının mübadiləsində, elmi konfranslarda iştirakda, eləcə də iki ölkənin aqrar universitetləri arasında birgə təhsil proqramlarının və ikili diplom təhsilinin inkişafında maraqlı olduqlarını bildiriblər.

“2024-cü ildə bu seqmentdə əmtəə dövriyyəsi 2023-cü illə müqayisədə 5,6 faiz artaraq 78,6 milyon ABŞ dollara çatıb. Ötən il Qazaxıstanın kənd təsərrüfatı məhsullarının ixracı 64,2 milyon ABŞ dolları təşkil edib. 2024-cü ildə Bakı taxıl terminalı vasitəsilə Qazaxıstan taxılının Azərbaycana tədarükü 1,5 milyon tona çatıb”, – deyə məlumatda bildirilib.

 

İqtisadiyyat