Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 5 milyard 91 milyon ABŞ dolları (ötən ilin eyni dövrünə nisbətən 70,5 faiz çox) dəyərində ticarət əməliyyatı aparıb.
Xarici ticarət dövriyyəsinin 3 milyard 38 milyon dolları ixracın, 2 milyard 52 milyon dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 64,8 faiz, idxal isə 79,7 faiz artıb. Son nəticədə xarici ticarətdə 986 milyon dollarlıq (illik müqayisədə 40,5 faiz çox) müsbət saldo yaranıb.
Dövlət Gömrük Komitəsinin statistikasında isə yanvar ayında ölkəmizin bitumlu süxurlarından alınan 3 milyon 460 min ton xam neft və neft məhsullarının ixraca yönəldildiyi, satılan xam neftin dəyərinin 1 milyard 903 milyon dollar təşkil etdiyi bildirilib. İxrac edilən xam neftin həcmi 2024-cü ilin yanvar ayı ilə müqayisədə 2,4 dəfə, dəyəri isə 2,2 dəfə çox olub. Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınan xam neft və neft məhsullarının payı isə 62,63 faizə yüksəlib.
Bundan başqa, cari ilin yanvar ayında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 2 milyard 338 milyon 620 min kubmetr (2024-cü ilin ilk ayı ilə müqayisədə 21,05 faiz çox) həcmində təbii qaz satıb. İxrac edilən təbii qazın dəyəri 870 milyon 82,68 min dollar (17,6 faiz çox) təşkil edib.
Hesabat ayında respublikamızdan 60 milyon 488 min dolları dəyərində 58 min 73 ton meyvə-tərəvəz ixrac edilib. Dövlət Gömrük Komitəsinin hesablamalarına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 10,8 faiz və ya 5,9 milyon dollar, həcmi isə 17 faiz və ya 8466 ton artıb. 2024-cü ilin yanvar ayında Azərbaycandan 54 milyon 611 min dollar dəyərində 49 min 606 ton meyvə-tərəvəz ixrac edilib. Ötən ay meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 1.99 faizə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 24.61 faizə bərabər olub.
Qeyd edək ki, hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 14 milyon 714 min dollar dəyərində tomat (13 min ton), 14 milyon 45,4 min dollar dəyərində meşə fındığı (2 min ton), 19 milyon 292 min dollar dəyərində xurma (26 min ton), 6 milyon 858 min dollar dəyərində alma (10 min ton ), 2 milyon 14 min dollar dəyərində nar (2 min ton) və 33,9 min dollar dəyərində kartof (113 ton) olub. Xatırladaq ki, 2024-cü ildə Azərbaycandan 707 milyon 795 min dollar dəyərində 686 min 254 ton meyvə-tərəvəz ixrac edilib.