Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) ABŞ-ın “BlackRock” şirkətinin tərkibinə daxil olan “Global Infrastructure Partners (GIP)” tərəfindən idarə olunan investisiya fonduna qoşularaq İtaliyanın aparıcı yüksəksürətli dəmir yolu operatoru “Italo–Nuovo Trasporto Viaggiatori S.p.A (Italo)”ya 34,5 milyon avro məbləğində sərmayə yatırıb.
AZƏRTAC Fondun yaydığı məlumata istinadən xəbər verir ki, 2024-cü ildə qlobal konteyner daşımaları sahəsində fəaliyyət göstərən MSC şirkəti “Italo”nun təxminən 50 faizlik səhmlərini GIP-dən əldə edib. Qalan 50 faizlik pay isə GIP, müştərək investorlar və GIP tərəfindən idarə olunan ARDNF-in də daxil olduğu fondlara məxsusdur.
Yüksək əməliyyat göstəriciləri ilə səciyyələnən “Italo” dayanıqlı mobillik həllərinə artan tələbat fonunda böyük artım potensialına malikdir. Bu investisiya, uzunmüddətli investor olaraq dayanıqlı infrastruktur aktivlərinə sərmayələr həyata keçirməklə ARDNF-in investisiya portfelinin şaxələndirilməsi baxımından strateji əhəmiyyətə malikdir.
Qeyd edək ki, 2012-ci ildə yaradılmış “Italo” İtaliyada ilk özəl yüksəksürətli sərnişin dəmir yolu operatoru kimi sektorda qabaqcıl şirkətlərdən biridir. Şirkət saatda 360 kilometrə qədər sürət yığa bilən “25 AGV 575” və “26 Italo EVO” qatarlarından ibarət parkı ilə Milan-Roma dəhlizi də daxil olmaqla, İtaliyanın 54 şəhərini əhatə edən marşrutlarda fəaliyyət göstərir.