Ötən il Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri–Çiraq–Günəşli” (AÇG) yataqlar blokunda 19 quyu qazılıb. Bunu jurnalistlərə açıqlamasında BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə quyular üzrə vitse-prezidenti Rassel Morris bildirib. Qeyd olunub ki, ötən il AÇG-də 18 quyunun qazılması planlaşdırılsa da, əlavə daha bir quyuda qazma işlərini bitirmək mümkün olub.
Bu il də AÇG-də 19 quyunun qazılmasının planlaşdırıldığını diqqətə çatdıran BP rəsmisi deyib ki, il ərzində “Azəri Mərkəzi Şərqi” (ACE) platformasında 5 hasilat quyusu qazılacaq. Onun sözlərinə görə, ötən il ACE platformasından 3 quyu qazılıb və hazırda 4-cü quyunun qazılması aparılır.
BP şirkətinin Xəzərin Azərbaycan sektoruna investisiyaların artırılması imkanlarını nəzərdən keçirdiyini vurğulayan Rassel Morris, həmçinin bildirib ki, təmsil etdiyi qurum Xəzər dənizində layihələri yüksək iş tempi saxlanılmaqla fəal şəkildə inkişaf etdirməyə davam edir. “Hazırda AÇG yataqlar blokundan hasilatın təbii azalması müşahidə olunur, “Şahdəniz”in gücləri isə tam işə salınıb. Biz, həmçinin yeni layihələrə başlamağı planlaşdırırıq ki, bu da Azərbaycanın Xəzər regionuna investisiya imkanlarını genişləndirməyimizə imkan verəcək”, – deyə o, bildirib.