“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) ilk dəfə Zirə Limanından dəmir yolu ilə tranzit yüklərin daşınmasına başlayıb.
Səhmdar Cəmiyyətindən XQ-yə verilən məlumata görə, 2023–2024-cü illərdə dəmir yollarında həyata keçirilən infrastruktur quruculuğu çərçivəsində 21 kilometrlik Dübəndi–Zirə–Gürgən–Zirə Dəniz Limanı dəmiryol xətti yenidən qurulub. Bununla yanaşı, Gürgən və Zirə limanı arasında 9 kilometr uzunluğunda yeni dəmiryol xətti çəkilib. Bu da limandan ilk dəfə olaraq dəmir yolu ilə tranzit yüklərin daşınmasına imkan yaradıb.
“İlkin mərhələdə 13 min tona yaxın yükün daşınmasına başlanılıb. Mərkəzi Asiyadan göndərilmiş kükürd yükü qatarla Avropa istiqamətinə yola salınacaq. Ümumilikdə, Zirə limanından dəmir yolu ilə ay ərzində 60 min ton yük daşınması planlaşdırılır. Növbəti mərhələdə yüklərin çeşidinin artırılması, o cümlədən karbamid yükünün daşınması nəzərdə tutulur”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, Zirə limanından dəmir yolu ilə tranzit yüklərin daşınması sayəsində Orta Dəhlizlə yük axınlarının daha sürətli təşkili və əməliyyatların səmərəliliyi təmin olunacaq. “Azərbaycan Dəmir Yolları” QSC tranzit daşımaları effektiv təşkil etməklə yanaşı, ölkə ərazisindən keçən dəhlizlərin inkişafı, rəqabətliliyinin və cəlbediciliyinin artırılması istiqamətində fəal iş aparır. Şərqdən Qərbə və əks istiqamətdə yüklərin daşındığı Orta Dəhliz Azərbaycan üçün strateji əhəmiyyət daşıyan marşrutdur. Ölkəmiz bu dəhlizin şaxələndirilməsi və alternativ qollarının formalaşdırılması üzrə əsas təşəbbüskar tərəfdir.