Daha çox milli avtobus!

post-img

Ölkəmizdə onun istehsalı 8 il ƏDV-dən azad ediləcək

Xəbər verildiyi kimi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi Milli Məclisdə 3-cü oxunuşda qəbul edilib. Vergi qanunvericiliyində biznesin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində nəzərdə tutulan mühüm dəyişikliklərdən biri ölkə ərazisində istehsal olunan avtobusların satışının, habelə təsdiqedici sənəd əsasında istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi ilə bağlıdır. Bu barədə XQ-yə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Qurumun açıqlamasına görə, hazırda Vergi Məcəlləsinin qüvvədə olan müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azaddır. Avtomobil sənayesinə investisiya cəlbinin stimullaşdırılması məqsədilə müvafiq azadolma ölkə ərazisində avtobus istehsalına da şamil edilir.

Qanunvericiliyə nəzərdə tutulan dəyişikliyə əsasən, ölkə ərazisində istehsal olunan avtobusların satışı, habelə müvafiq təsdiqedici sənəd əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalının 2025-ci il yanvarın 1-dən 8 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur. Avtobus istehsalçılarına vergi güzəştlərinin verilməsi isə avtomobil sənayesinin canlanmasına və iqtisadiyyata əlavə investisiyaların cəlb olunmasına imkan yaradıb.

 

İqtisadiyyat