Türkiyə şirkəti Sumqayıtda

post-img

Türkiyənin “Eurotec Group” şirkətinə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib, bununla da sənaye parkının rezidentlərinin sayı 42-yə yüksəlib.

Nazirlikdən qəzetimizə verilən məlumata görə, yeni rezident sənaye parkının 2 hektar ərazisində ildə 200 min ədəd metal çəllək istehsal etmək gücündə olan zavod quracaq. İnvestisiya həcmi 9 milyon manat olan müəssisədə 120 nəfərlik daimi iş yeri yaradılacaq. Belçikanın qabaqcıl texnologiyası əsasında fəaliyyət göstərəcək zavodda buraxılacaq məhsullar daxili bazarın tələbatını ödəməklə bərabər, xarici ölkələrə də ixracı ediləcək.

Xatırladaq ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında indiyədək 12,5 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 4,37 milyard manatlıq hissəsi ixracın payına düşüb.

İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, Cənubi Qafqazın ən böyük istehsalat zonası sayılan bu parka rezidentlər tərəfindən ötən müddətdə 5,5 milyard manat sərmayə yatırılıb, 6600-dən çox daimi iş yeri yaradılıb. Gələcəkdə isə mövcud layihələr üzrə parka əlavə olaraq 546 milyon manat investisiyanın yatırılması, bunun da hesabına 2500-dən artıq iş yerinin yaradılması nəzərdə tutulub.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən vacib istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafıdır. İqtisadiyyatın inkişaf vektorlarının dayanıqlı mənbələr hesabına qlobal çağırışlara uyğunlaşdırılması qeyri-neft sənayesinin gücləndirilməsinin önəmini artırır. Buna görə də mövcud təbii və iqtisadi resurslardan səmərəli istifadə olunması, innovativ metodların cəlb edilməsi ilə sənaye istehsalının artırılması, yeni sənaye sahələrinin yaradılması, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli məhsul istehsalı, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli layihələr gerçəkləşdirilir.

Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi məqsədilə uğurlu sənayeləşmə siyasəti həyata keçirilir. Bu məqsədlə ölkənin müxtəlif bölgələrində sənaye parkları və məhəllələri yaradılır. Sənaye zonaları sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, biznesin innovativliyinin və səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli məhsul istehsalında, qeyri-neft sektorunun inkişafında və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm amilə çevrilir.

Hazırda ölkədə 8 sənaye parkı fəaliyyət göstərir. Bunlar Sumqayıt kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Hacıqabul, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarıdır. Bunlarla yanaşı, Masallı, Neftçala, Sabirabad və Şərurda 4 sənaye məhəlləsi də fəaliyyət göstərir.

Sənaye zonalarında sahibkarlığın inkişafına əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı tədbirlərin tətbiqi diqqətdə saxlanılıb. Belə ki, sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla – qaz, işıq, su, kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir yolları xətləri ilə təmin edilir. Onlar qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunur.

Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye parklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, idxal olunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən tam azadolma aiddir.

 

İqtisadiyyat