AİB rəqəmsal quruma kredit verib

post-img

Avropa İnvestisiya Bankı (AİB) ölkəmizdə ilk dəfə olaraq dövlət sektorunda rəqəmsal infrastrukturun inkişafı üçün kredit ayırıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-dən məlumat verilib.

Bildirilib ki, “AzInTelecom”un iki yeni data mərkəzinin tikintisi üçün sərf olunacaq kreditin məbləği 43 milyon avrodur. Layihənin məqsədi dövlət şirkəti tərəfindən təqdim olunan “bulud” xidmətlərini daha da genişləndirmək və əlçatanlığını təmin etməkdir.

Kredit sazişinin təsdiqlənməsi ilə bağlı keçirilən imzalanma mərasimində çıxış edən AİB-nin vitse-prezidenti Teresa Çervinska Azərbaycanın dövlət sektoruna ilk kredit dəstəyini rəsmiləşdirməkdən məmnun olduqlarını bildirib: “Məlumat əlçatanlığının təkmilləşdirilməsi və davamlı rəqəmsal transformasiyanın təşviqi Avropa İnvestisiya Bankının əsas prioritetləri sırasındadır. İnnovasiya və şəffaflığa yönəlmiş bu sərmayə təkcə dövlət idarəçiliyinin müasirləşdirilməsinə deyil, həm də davamlı iqtisadi artıma və sosial tərəqqiyə töhfə verəcəkdir”.

Azərbaycan tərəfdən müqaviləni imzalayan “AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Elxan Əzizov isə bildirib ki, bu layihə ölkədə gedən rəqəmsal transformasiyaya mühüm təkan verəcək. Layihənin reallaşması ilə istər kiçik, istərsə də böyük qurumlar üçün “bulud” xidmətlərinin daha da əlçatan olacağını bildirən E. Əzizov bu addımın ölkəmizdə rəqəmsal ekosistemin inkişafına birbaşa müsbət təsirini göstərəcəyini vurğulayıb. Onun sözlərinə görə, Abşeron və Hacıqabul rayonlarında tikilməsi nəzərdə tutulan hər iki data mərkəzinin inşası “yaşıl” texnologiyalar əsasında aparılacaq.

Bu təşəbbüs Avropa İttifaqının Şərq Tərəfdaşlığı üçün İqtisadi və İnvestisiya Planına, eləcə də “Global Gateway” strategiyasına uyğun olaraq həyata keçirilir. Eyni zamanda, Avropa İttifaqının regionda dayanıqlı inkişafı və rəqəmsal transformasiyanı təşviq etmək öhdəliyini vurğulayır.

Xatıraladaq ki, “AzInTelecom” MMC Azərbaycanın ən böyük “bulud” provayderi, Cənubi Qafqazda isə data mərkəzləri ilə bağlı beynəlxalq nüfuzlu “TIER 3” sertifikatını alan ilk qurumdur. Şirkət hazırda Bakı və Yevlax şəhərlərində yerləşən data mərkəzləri üzərindən dövlət və özəl sektorda 200-dən çox quruma “bulud” xidmətləri göstərir.

Yeri gəlmişkən, Avropa İnvestisiya Bankı 2024-cü ildə Azərbaycana 53 milyon avro məbləğində kredit verib. Xatırladaq ki, bank bu ilin mart ayında Qafqaz ölkələrində kiçik və orta sahibkarlıq subyektləri ilə əməkdaşlıq təşəbbüsü çərçivəsində ölkəmizə 10 milyon avro həcmində kredit xətti ayırıb. Layihə kiçik maliyyə vasitəçilərinə hazırda maliyyəyə çıxışda çətinlik çəkən mikro, kiçik və orta müəssisələrə bu resursu təmin etmək məqsədi daşıyır. Bankın 2013–2023-cü illər ərzində Azərbaycana 5 layihə üzrə ayırdığı kreditin həcmi 110 milyon avro təşkil edib. Avropa İnvestisiya Bankı dövlət sektorunda rəqəmsal infrastrukturun inkişafı üçün ayırdığı kreditlə isə ölkəmizdə investisiya portfelini 7 layihə üzrə 160,5 milyon avroya çatdırıb. Bu da cari ilin əvvəli ilə müqayisədə 45,5 faiz çoxdur.

 

İqtisadiyyat