Sahibkarlara 511 milyon manat zəmanətli kredit verilib

post-img

Bakı KOB Evində iqtisadçı-ekspertlərlə görüş keçirilib. Sahibkarlığa dəstək alətlərinə həsr olunmuş tədbirdə İpoteka və Kredit Zəmanət Fondunun departament direktoru Elşən Kərimov təqdimatla çıxış edib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 29 noyabr tarixli Fərmanı ilə ölkədə ilk dəfə olaraq sahibkarların manatla aldıqları kreditlərə zəmanətin və bu kreditlər üzrə hesablanmış faizlərə görə subsidiyanın verilməsinə başlanılıb. Onun sözlərinə görə, indiyədək müvəkkil banklar tərəfindən fondun zəmanəti ilə sahibkarlara 511 milyon manata yaxın kredit verilib ki, bunun da 80 milyon manata yaxını bu ilin yanvar-oktyabr aylarının payına düşür.

Qeyd olunub ki, fondun zəmanəti və faiz subsidiyası hesabına sahibkarlara ayılan kreditlər vasitəsilə maliyyələşən layihələr hesabına 6 min 600 yeni iş yerinin yaradılması nəzərdə tutulub. Bununla yanaşı, ölkə Prezidentinin 24 avqust 2022-ci il tarixli Fərmanı ilə fondun sahibkarlığa dəstək alətlərinin çeşidi artırılıb. Belə ki, bu ildən etibarən daha iki yeni alətin – sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı, həmçinin istiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə təminat mexanizmlərinin tətbiqinə başlanılıb. Yeni alətlərin tətbiqi qeyri-neft sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarların, eləcə də emitent şirkətlərin maliyyə vəsaitlərinə əlçatanlığının artırılmasına imkan verəcək.

Görüşdə ekspertlərin sualları cavablandırılıb, təklifləri dinlənilib.

Sonda tədbir iştirakçıları fondun Bakı KOB Evində fəaliyyət göstərən xidmət pəncərəsinin fəaliyyəti və burada sahibkarlara təqdim edilən xidmətlərlə tanış olublar.

İqtisadiyyat