Azərbaycan firması Daşkənd sərgisində

post-img

Daşkənddə “UZEnergoExpo-2024” 18-ci Beynəlxalq Xüsusi Energetika sərgisi keçirilib. Dünyanın 15-dən çox ölkəsindən 130-dan artıq firma və şirkətin iştirak etdiyi tədbirdə energetika, elektrotexnika və elektronika üçün elektrik avadanlıqları; enerjiyə qənaət edən və bərpaolunan enerji və işıqlandırma texnologiyaları nümayiş olunub.

Sərgidə ölkəmizi “Şok Elektro” firması təmsil edib. Azərbaycan şirkəti sərgidə metal spiral boru, PVC izolyasiyalı boru, yanmayan boru, su borusu və digər məhsullarını nümayiş etdirib.

Sərginin açılış mərasimində bildirilib ki, hər il “UzEnergyExpo”da dünya liderləri və aparıcı yerli müəssisələr elektrotexnika, enerji təchizatı sistemləri, enerjiyə qənaət, kabel və məftil məmulatları, işıqlandırma və digər sahələrdə ən son texnologiyaları təqdim edirlər. Burada iştirak edən sənaye müəssisələrinin, yanacaq-energetika komplekslərinin, layihə, tikinti, quraşdırma təşkilatlarının, eləcə də özəl və dövlət qurumlarının ixtisaslaşmış mütəxəssisləri bütün bazar təkliflərini öyrənə, müqayisə edə, lazımi avadanlıqları seçə və ala bilirlər.

“Şok Elektro” firmasının rəhbəri Əzizağa Atayev Azərbaycan və Gürcüstan bazarı üçün müxtəlif məhsullar istehsal etdiklərini diqqətə çatdıraraq bildirib ki, şirkətin məhsullarının digər ölkələrə, o cümlədən Özbəkistana ixracı nəzərdə tutulur.

“Bununla bağlı Özbəkistanın və sərgidə iştirak edən digər firma və şirkətlərin rəhbərləri və səlahiyyətli nümayəndələri ilə görüşlərimiz, danışıqlarımız olub. Elə bilirəm ki, biz Özbəkistan və digər ölkələrlə əlaqələr quraraq öz məhsulalrımızı bu dövlətlərə sata biləcəyik”, – deyə o, əlavə edib.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd

İqtisadiyyat