Dəmir yolu dayanıqlığının birinci və ən mühüm aspekti emissiyaların azaldılması və enerji səmərəliliyidir.
AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “Gələcək üçün dayanıqlı nəqliyyat” tədbirində çıxışı zamanı deyib.
R.Rüstəmov bildirib ki, dəmir yolu dayanıqlığının birinci və ən mühüm aspekti emissiyaların azaldılması, enerji səmərəliliyidir.
“Dəmir yolu nəqliyyatı qlobal karbon qazı emissiyasının sadəcə 1 faizini təşkil edir və buna görə də digər nəqliyyat növləri ilə müqayisədə daha effektivdir. Azərbaycanda ümumi enerji istehlakının 1,12 faizi dəmir yolu nəqliyyatının payına düşür və bu sahədə istilik effekti yaradan qazların emissiyası 0,5 faizdən az təşkil edir.
“Məqsədimiz karbon emissiyalarından tam azad, yəni karbon neytral dəmir yolu nəqliyyat sistemi qurmaqdır. 2023-cü ildə sərnişinlərin 100 faizinin, yüklərin isə 80 faizinin daşınması elektrik enerjisi hesabına həyata keçirilib”, - deyə ADY sədri bildirib.