İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, dövlətimizin başçısı İlham Əliyevin oktyabrın 3-də Cəbrayıl rayonunda yerləşən sənaye parkında təməlini qoyduğu 3 müəssisə gələn il istifadəyə veriləcək.
Bildirilib ki, həmin sənaye müəssisələrində dezinfeksiyaedici, ağardıcı, maye yuyucu və tamet daşları istehsal ediləcək. Həmçinin burada mebel klasterinin formalaşdırılması həyata keçiriləcək. Bu layihələrin gerçəkləşdirilməsi üçün 60 milyon manatdan çox sərmayə yatırılacaq, ümumilikdə, birinci mərhələdə 950 nəfərdən artıq adam daimi işlə təmin olunacaq.
Xatırladaq ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı 200 hektar ərazini əhatə edir. Park logistika imkanları baxımından əlverişli ərazidə yerləşir.
Müəssisə dövlət başçısının 4 oktyabr 2021-ci il tarixli fərmanı ilə yaradılıb. İndiyədək görülən işlərə 20 milyon manatdan çox investisiya yatırılan, 40-dan çox daimi iş yeri yaradılan sənaye parkında 13 sahibkarlıq subyektinə rezidentlik, 1 sahibkarlıq subyektinə isə qeyri-rezidentlik statusu verilib.
Agentlik rəsmisi bildirib ki, təməli qoyulan müəssisələrin 2025-ci ildə fəaliyyə başlaması planlaşdırılır. Həmin zavodlarda istehsal edilən məhsulların ilkin mərhələdə daxili bazarın tələbatının ödənilməsinə yönəldilməsi, növbəti mərhələdə isə xarici bazarlara çıxarılması nəzərdə tutulur.
Hazırda sənaye parkında qeydiyyatdan keçən rezidentlərin çoxu layihələndirmə, tikinti-quraşdırma işləri aparır. Sənaye parkında sement istehsalı, o cümlədən minatəmizləmə avadanlıqlarının istehsalı müəssisələrinin inşası sürətlə davam etdirilir. Bu müəssisələrin də növbəti illərdə fəaliyyətə başlanması planlaşdırılır.
Hazırda park ərazisində 1 müəssisə –“Avtolizinq Azərbaycan” fəaliyyətdədir. Burada kənd təsərrüfatı texnikalarına, yük maşınlarına servis xidməti göstərilir.