Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə reallaşdırılan “Qobustan” Günəş Elektrik Stansiyası üzrə elan edilmiş hərracda iştirakçılardan daxil olmuş təkliflərə baxılması, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi və qalibin seçilməsi məqsədilə yaradılmış komissiyanın üçüncü iclası keçirilib.
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev ölkəmizdə ilk dəfə “yaşıl” enerji hərracının keçirilməsi prosesi barədə ümumi məlumat verib. O, layihə çərçivəsində təkliflər sorğusu mərhələsinin tələblərinə uyğun olaraq bu ilin sentyabr ayında hərracın təşkil ediləcəyi əraziyə (Bakı şəhəri, Qaradağ rayonu, Pirsaat qəsəbəsi ərazisində yerləşən 300,77 hektar sahə) iştirakçı şirkətlərlə birgə səfərin və layihə ilə bağlı konfransın nəzərdə tutulduğunu deyib. Eyni zamanda, konfransda layihə çərçivəsində müzakirələr aparılacaq və hərrac komissiyasının üzvləri, o cümlədən məsləhətçi şirkət nümayəndələri iştirakçıların suallarını cavablandıracaq.
Daha sonra hərrac komissiyasının sədri Kamran Hüseynov çıxış edərək tədbirlə bağlı ötən iclasdan sonrakı dövrdə görülmüş işlərə dair komissiya üzvlərinə ətraflı məlumat verib. O, hərracın ilk mərhələsinin (ixtisas uyğunluğunun müəyyənləşdirilməsi) icra qrafikinə uyğun olaraq uğurla başa çatdığını və 8 şirkətin ixtisas tələblərinə uyğun hesab edilərək növbəti mərhələyə (təkliflər sorğusu) keçdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb. Komissiya sədri təkliflər sorğusu mərhələsi üzrə ötən dövr ərzində şirkətlər tərəfindən layihəyə dair daxil olmuş müxtəlif sorğuların məsləhətçi şirkətin iştirakı ilə cavablandırıldığını vurğulayıb.
Görüşdə AYİB və “Synergy” məsləhətçi şirkətinin nümayəndələri təkliflər sorğusu mərhələsi üzrə hərracda iştirak edən şirkətlərə təqdim edilmiş sənədlər və hərracın təşkili üzrə icra qrafikinə dair ətraflı məlumat veriblər.
Sonda komissiya üzvləri layihə çərçivəsində qarşıda duran məsələlərə dair müzakirələr də aparıblar.