Dövlət Su Ehtiyatları Agentliyinin yaydığı məlumatda Xankəndi işğaldan azad edildikdən sonra düşmənin viran qoyduğu sukanal sahələrində bərpa işlərinin aparıldığı və şəhərdə su təsərrüfatının bərpa olunduğu bildirilib.
Qeyd edilib ki, Xankəndidə 2 sutəmizləyici qurğu kompleksi fəaliyyətdədir. 1 saylı kompleksin içməli su mənbəyini Xəlfəli çayı, 2 saylı kompleksin su təchizatını isə Cəmilli və Ballıca kəndlərindən keçən çaylar təşkil edir. Şəhərdə 10 subartezian quyusu mövcuddur. Fəaliyyəti bərpa olunan 1 saylı sutəmizləyici qurğu vasitəsilə gündəlik 8 min kubmetr su təmizlənir. Bunun nəticəsində şəhər fasiləsiz su ilə təmin edilir.
Su təmizləyici qurğular vasitəsilə suyun təmizlənərək Xankəndi şəbəkəsinə nəqli həyata keçirilir. Şəhər ərazisində su təsərrüfatı sahəsində təmir-bərpa işlərini sukanal sahəsinin peşəkar mühəndisləri və ustaları icra edirlər.