Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 3252 layihənin maliyyələşdirilməsinə 119 milyon manat güzəştli kredit verib.
Fondun məlumatında bildirilir ki, verilmiş kreditlər hesabına 1764 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Xatırladaq ki, SİF Azərbaycan Prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 7,307 milyon manatdır.
SİF sahibkarların güzəştli kreditlərlə maliyyələşdirilməsi çərçivəsində 20 bank, 9 bank olmayan kredit təşkilatı və 10 kredit ittifaqı ilə əməkdaşlıq edir.
Sahibkarlığın İnkişafı Fondunun fəaliyyətini ifadə edən yuxarıdakı göstəricilər son illər ərzində respublikamızda özəl sektorun dinamik inkişafına, iş adamlarının fəaliyyət sahələrinin genişlənməsinə yönələn diqqət və qayğıdan xəbər verir. Güründüyü kimi, bu gün də sözügedən istiqamətdə mühüm layihələr həyata keçirilir, investisiya təşviqi mexanizminin tətbiqinin davam etdirilir. Eyni zamanda, iş adamlarının xərclərinin azalması məqsədilə onlara prioritet sahələr üzrə güzəştli kreditlər ayrılması diqqətdə saxlanılır. Başqa sözlə, güzəştli kreditlər qeyri-neft sektorunda sənaye istehsalı və emalı, o cümlədən aqrar emal, kənd təsərrüfatı və anbar kompleksləri, logistika xidməti, akvakultura, yaşıl və innovasiya yönümlü layihələrin icrasına yönəldilir. Xatırladaq ki, regionlarda təhsil, turizm sahələri, Naxçıvan MR-də və işğaldan azad edilmiş ərazilərdə isə xidmət sektorları da güzəştli kreditlərin veriləcəyi prioritet sahələr sırasındadır.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və uğurlu islahatlar nəticəsində ölkəmizdə özəl sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib, sahibkarlığın ÜDM-də payı 81 faizi, məşğulluqda payı isə 70 faizi keçib. Özəl bölməyə dövlət dəstəyinin daim diqqətdə saxlanılması qeyri-neft sektorunda müasir texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələrinin, infrastruktur sahələrin yaradılmasına, real sektora investisiya qoyuluşlarının sürətlənməsinə əlverişli şərait yaradıb.