Birinci yarımildə AÇG üzrə əsaslı məsrəflərə 700 milyon dollara yaxın vəsait xərclənib

post-img

Cari ilin birinci yarısında Azəri-Çıraq-Günəşli (AÇG) üzrə fəaliyyətlərə təqribən 243 milyon dollar əməliyyat məsrəfləri və 698 milyon dollardan artıq əsaslı məsrəflər xərclənib.

Bu barədə BP-nin 2024-cü ilin birinci yarımilinin yekun hesabatında qeyd edilib.

Bu il AÇG yatağında yeni 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına başlanılıb. Balaxanı və Fasilə lay dəstlərinin tədqiqinə yönəlmiş bu proqram seysmik mənbənin altında 740 kvadratkilometr, qəbuledicilərin altında isə 507 kvadratkilometrlik bir ərazini əhatə edir. Proqramın ümumi dəyərinin təxminən 370 milyon dollar, icra müddətinin isə beş il (2024-2028) olacağı planlaşdırılır. Tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə BP-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramıdır. Seysmik məlumat toplama üzrə bu il üçün nəzərdə tutulmuş iş həcmi artıq təhlükəsiz şəkildə və qrafikdən əvvəl tamamlanıb; hazırda əldə olunmuş seysmik məlumatların emalı davam edir.

İlin ilk altı ayında Azəri Mərkəzi Şərqi (ACE) layihəsi öz əsas məqsədinə, yəni ACE platformasından hasilatın başlanmasına doğru ciddi irəliləyiş edib.

Aprelin ortalarında Xəzərdə nəhəng AÇG yatağında quraşdırılmış yeddinci platforma olan yeni ACE platformasından ilk neft əldə olundu.

ACE platformasından ilk neft ötən ilin sonunda platformadan qazılmağa başlanmış birinci quyudan əldə edilib. Platformada hazırda bir quyudan gündə təxminən 8000 barel neft hasil olunur. Bu ilin sonuna kimi daha iki hasilat quyusunun qazılıb istismara verilməsi planlaşdırılır ki, bununla da ACE-dən hasilatın tədricən artaraq ilin sonuna gündə təxminən 24 min barelə çatacağı gözlənilir.

ACE platforması texnoloji və rəqəmsal baxımdan BP-nin dünyada idarə etdiyi ən qabaqcıl platformadır. Platformanın innovativ layihələndirilməsi insan əməyi tələb edən prosesləri avtomatlaşdırmağa imkan verməklə əməliyyatların daha təhlükəsiz və səmərəli aparılmasını təmin edir. Platforma tam avtomatlaşdırılmış ən müasir qazma qurğusu ilə təchiz olunub. Müasir texnologiya və yeni proseslərin tətbiqi əməliyyatlar nəticəsində yaranan emissiyaları azaltmağa da kömək edir.

Cari ilin birinci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. İlk altı ay üçün AÇG-dən ümumi hasilat – Çıraq (22 000), Mərkəzi Azəri (96 000), Qərbi Azəri (77 000), Şərqi Azəri (52 000), Dərinsulu Günəşli (57 000), Qərbi Çıraq (29 000) və ACE (3,000) platformalarından birlikdə – gündə orta hesabla 336 000 barel və ya ümumilikdə təxminən 61 milyon barel, yəni 8 milyon ton olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyon barel və ya 10,4 faiz azdır.

İyun ayının sonunda AÇG-də ümumilikdə 144 neft hasilatı quyusu, 45 su injektoru quyusu və 8 qaz injektoru quyusu istismarda olub.

İlin ikinci rübündə AÇG-nin illik iş proqramının bir hissəsi olaraq Dərinsulu Günəşli platformasında planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilib.

Proqram zamanı Dərinsulu Günəşli platformasından hasilat 13 gün ərzində dayandırıldı ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılmış bu proqram tam təhlükəsiz şəkildə və vaxtından əvvəl başa çatdırılıb.

İlin birinci yarısında AÇG-də 9 neft hasilatı və 1 su injektoru quyusu tamamlanıb.

2024-cü ilin birinci yarısında AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6,4 milyon kubmetr, ümumilikdə isə 1,2 milyard kubmetr səmt qazı təhvil verilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 faiz çoxdur. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

İqtisadiyyat