“Araz Vadisi İqtisadi Zonası”na bir şirkət də daxil oldu

post-img

“Karabakh Stone” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib. Bununla da sənaye parkının rezidentlərinin sayı 11-ə yüksəlib.

İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) redaksiyamıza  bildirilib ki, müəssisədə yüksək keyfiyyətli tamet daşların istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 3,8 milyon manat olan zavodda  25 nəfər işlə təmin olunacaq. İstehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına investorlar tərəfindən, ümumilikdə, 83,4 milyon manatdan artıq investisiyanın yatırılması, 700-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bugünədək sənaye parkına 14 milyon manatdan çox investisiya yatırılıb.

Qeyd edək ki, azad olunmuş ərazilərin iqtisadi potensialının hərəkətə gətirilməsində, eləcə də sənaye sahəsində məşğulluğun təmin olunmasında mühüm rol oynayan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı  “Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının yaradılması haqqında” Prezident İlham Əliyevin 4 oktyabr 2021-ci il tarixli Fərmanı ilə Cəbrayıl rayonunda yaradılıb.

Parkın logistik imkanlar baxımından əlverişli ərazidə yaradılması investorların diqqətini cəlb edən əsas amillərdən biridir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşməsi də onun uğurlu fəaliyyəti üçün zəmin yaradır. Belə ki, parkın ərazisindən həmin magistral yollara birbaşa giriş-çıxışın təmin edilməsi Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, eləcə də Azərbaycan ərazisindən Rusiyaya yüklərin daşınmasına imkan verir.

200 hektar ərazini əhatə edən parkın prioritet istiqamətləri kimi logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin təşkili müəyyənləşdirilib. Bütün bu amillər həm yerli, həm də xarici iş adamalarının marağına səbəb olub.

Bir sözlə, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılmasında əsas məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkil olunması, eyni zamanda, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.

XQ

 

İqtisadiyyat