“Yaşıl enerji” potensialımız göyərir

post-img

Bu sahədə “Masdar” və  “ACWA Power” şirkətləri ilə əməkdaşlıq önəmli rol oynayır  

Zəngin bərpaolunan enerji ehtiyatlarına malik olan Azərbaycan “yaşıl enerji”yə keçid prosesində fəal iştirak edən ölkələrdən biridir. Respublikamızda reallaşdırılan bərpaolunan enerji layihələri yüksək göstəricilərlə diqqət çəkir. Azərbaycanın hazırda əsas investorları Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından olan “ACWA Power” şirkətləridir. 

Prezident İlham Əliyev bu il martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışında bu barədə ətraflı bəhs edərək ölkəmizin “yaşıl enerji” potensialının uğurla reallaşdırdığını, bu istiqamətdə mühüm uğurlara nail olduğunu bildirib. Dövlətimizin başçısı daha sonra “Yaşıl dünya naminə həmrəylik ili”ndə bərpaolunan enerji ilə əlaqədar geniş tədbirlər həyata keçirildiyini, bu layihələr arasında keçən ilin oktyabr ayında   230 meqavatlıq gücə malik ilk böyük Günəş Elektrik Stansiyasının açılışının gerçəkləşdiyini qeyd edib: “Bu stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən biri “Masdar” tərəfindən inşa olunub.  İmzalanan müqavilələrə və anlaşma memorandumlarına əsasən, 2030-cu ilədək Azərbaycanda 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisi istehsal edilməsi planlaşdırılıb”.  

Göründüyü kimi, bərpaedilən enerji ehtiyatları baxımından nəhəng pontensialı olan ölkəmizin hazırda bu sahədə əsas investorları  Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından  “ACWA Power” şirkətləridir.  

Xatırladaq ki, bu il mayın 3-də Azərbaycan və Səudiyyə Ərəbistanı arasında enerji tərəfdaşlığını gücləndirən sənədlər imzalanıb. Bu münasibətlə keçirilən tədbirdə ölkəmizin “ACWA Power” şirkəti ilə quruda və dənizdə ümumi gücü 2,5 qiqavat olan külək enerji layihələrinin inkişafı üzrə əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib. Eyni zamanda, bərpaolunan enerji layihələrinin icrasının sürətləndirilməsinin vacibliyi qeyd edilib. Azərbaycanda bərpaolunan enerji layihələrində “ACWA Power” şirkətinin iştirakına, bilik və təcrübə mübadiləsi yolu ilə “yaşıl enerji” mənbələrinin inteqrasiyası, elektrik enerjisinin istehsalı, ötürülməsi, enerji səmərəliliyi sahələrində əməkdaşlığın inkişafına dəstək ifadə olunub. Həmçinin neft emalı, neft-kimya məhsullarının təchizatı, aşağı emissiyalı yanacaq və texnologiyalar sahələrində, eləcə də SOCAR və Səudiyyə Ərəbistanının şirkətləri arasında birgə əməkdaşlıq məsələləri və investisiya imkanları da müzakirə edilib.

Yeri gəlmişkən, sözügedən görüşdə Azərbaycanın Energetika Nazirliyi və Səudiyyə Ərəbistanının  “ACWA Power” şirkəti arasında 200 meqavatlıq Batareya Enerji Saxlanc Sistemi (BESS) layihəsi ilə bağlı icra və 200 meqavatlıq quruda külək enerjisi layihəsi üzrə çərçivə müqavilələri də imzalanıb.

Qeyd edək ki, bundan əvvəl isə “Masdar” və “ACWA Power” şirkətləri tərəfindən SOCAR-la (Azərbaycan Dövlət Neft Şirkəti) Naxçıvan Muxtar Respublikasında ümumi gücü 500 MVt olan bərpaolunan enerji mənbələri layihələrinin həyata keçirilməsi ilə bağlı qarşılıqlı anlaşma memorandumu imzalanıb.

“Azərbaycan Respublikasının energetika sektorunda islahatların surətləndirilməsi haqqında” Prezident İlham Əliyevin 2019-cu il tarixli sərəncamına uyğun olaraq, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi üçün  9 beynəlxalq enerji şirkəti ilə əməkdaşlıq əlaqələri yaradılaraq, intensiv müzakirələr aparılıb. “ACWA Power” və “Masdar” şirkətləri təkliflərini təqdim edən 7 şirkət arasında üç mərhələdən ibarət seçim prosesi nəticəsində müəyyənləşdirilib. İlk mərhələdə respublikamızda nəzərdə tutulan  tariflərə uyğun qiymət təklifləri təqdim edən şirkətlər seçilib. İkinci mərhələdə investorlara verilməsi müəyyənləşdirilən zəmanətlər və götürüləcək öhdəliklər, layihələrin həyata keçiriləcəyi ərazilər, habelə elektrik enerjisi şəbəkəsində aparılacaq gücləndirmə işləri üzrə ən əlverişli təklifləri verən şirkətlər seçilib. Üçüncü mərhələdə isə şeçilmiş şirkətlərlə şərtlərin daha da dəqiqləşdirilməsi və layihələrin iqtisadi cəlbediciliyinin artırılması məqsədilə danışıqlar aparılıb və bu mərhələnin yekunu olaraq, ötən il oktyabrın 31-də şirkətlərin təklifləri olan zərflər açılıb. Beləliklə, “ACWA Power” və “Masdar” şirkətləri ilə pilot layihələr üzrə əməkdaşlığa dair qərar qəbul edilib.

Layihələrin icrasına hazırlıq məqsədilə “Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Prezidentinin 2019-cı il 5 dekabr tarixli sərəncamı ilə yaradılan Komissiyanın tərkibində fəaliyyət göstərən işçi qrupları tərəfindən tədbirlər həyata keçirilir.

Qeyd edək ki, “ACWA Power” şirkəti hazırda qlobal miqyasda bərpaolunan enerji sahəsində 8 min meqavat olmaqla elektrik enerjisi sahəsində, ümumilikdə, 30 min 200 meqavat qoyuluş gücünə bərabər istehsal və 45 milyard ABŞ dolları məbləğində investisiya portfelinə malikdir. 

Respublikamıza gəldikdə isə qeyd edə bilərik ki, 2022-ci ildə şirkət tərəfindən Azərbaycanda 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının inşasına başlanılıb və bununla   enerji təşəbbüslərinin gerçəkləşdirilməsi istiqamətində yeni bir səhifə açılıb. 

“Masdar” şirkəti isə bərpaolunan enerji sahəsi üzrə hazırda ümumi qoyuluş gücü 4 min meqavat həcmində istehsal portfelinə sahib olmaqla bu sahəyə indiyədək 8,5 milyard dollar məbləğində investisiya qoyuluşu həyata keçirib.

Burada onu da qeyd edək ki, Azərbaycanda bərpaolunan enerji layihələrinə dünya ölkələrinin böyük maraq göstərmələri bu sahədə mövcud zəngin potensialla və respublikamızda yaradılan əlverişli investisiya mühiti ilə bağlıdır. Xatırladaq ki, dənizdə külək enerjisi potensialı 157 QVt həcmində hesablanıb. Bu potensialın icrası məqsədilə yuxarıda vurğuladığımız kimi, xarici investorlarla müqavilələr də imzalanıb. Azərbaycan Energetika Nazirliyi, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən ötən il təqdim edilən  Yol Xəritəsində 2040-cı ilədək ölkəmiz nəzərdə tutulan infrastrukturu inkişaf etdirməklə, eyni zamanda, investisiya qoyuluşu sayəsində  dəniz küləyindən 7 qiqavatlıq enerji hasilatını reallaşdıra bilər. Bununla da respublikamız dekarbonlaşma kimi qarşıya qoyulan vəzifənin həllində mühüm rol oynayar.  

Proqnozlaşdırmaya görə, Azərbaycanda 2040-cı ilədək 1,5 qiqavat qoyuluş gücünü gerçəkləşdirəcək və dekarbonlaşdırılmış enerji istehsalının 7 faizini reallaşdıracaq. Həmçinin bu dövrdə dəniz külək energetikasının qoyuluş gücü 7,2 qiqavata çatdırılaraq enerji təchizatının 37 faizi təmin olunacaq.  

Göründüyü kimi, respublikamızda iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün bərpaolunan enerji mənbələrinin böyük potensialı var. Belə ki, ölkəmizin quruda 27 giqavat enerji potensialı (günəş və külək enerjisi), dənizdə isə 157 giqavat enerji potensialı mövcuddur. Bu enerjinin əldə olunması, istehsalı və ixracı isə böyük layihələr, habelə investisiyalar tələb edir.     

Vaqif BAYRAMOV 
XQ

 

İqtisadiyyat