“Cabbar Həşimov” tankeri Xəzərə qayıdıb

post-img

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Cabbar Həşimov” tankeri əsaslı təmir olunub.

ASCO-dan verilən məlumata görə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda yüksək keyfiyyətlə aparılan işlər zamanı tankerin sualtı və suüstü hissələri, əsas göyərtəsi və keçid körpüsü tam təmizlənərək rənglənib, baş və köməkçi mühərrikləri, nasosları təmir olunub. Eyni zamanda, tankerin idarəetmə sistemləri sazlanıb, maşın şöbəsində və boru sistemlərində təmir işləri görülüb, yararsız hissələr dəyişdirilib, elektrik-quraşdırma işləri yerinə yetirilib. Bundan başqa, heyətin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib.Təmirdən sonra tanker dəniz sınağından uğurla keçib və istismara qaytarılıb.

Qeyd edək ki, “Cabbar Həşimov” gəmisinin uzunluğu 150 metr, eni 17,3 metr, tam yükgötürmə qabiliyyəti 12 min tondur.

XQ

 

İqtisadiyyat