Qarabağda sahibkarlara dövlət dəstəyi

post-img

Azərbaycan dövləti işğaldan azad olunan ərazilərdə öz vəsaiti hesabına, heç bir beynəlxalq maliyyə institutundan borclanmadan genişmiqyaslı bərpa-tikinti layihələri həyata keçirir. Bu məqsədlə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına dövlət büdcəsindən transfertlər ilbəil artır. 

Qeyd edək ki, düşməndən təmizlənən yaşayış sahələrində yenidənqurma işləri üçün 2021-ci ildə 2,2 milyard, ­2022-ci ildə 2,7 milyard manat, keçən il isə 3 milyard manat vəsait ayrılıb. 

Maliyyə Nazirliyinin məlumatına görə, cari ilin I rübündə Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması məqsədilə nəzərdə tutulan 3 milyard 825  milyon manat vəsaitin sifarişçi təşkilatlar tərəfindən təqdim edilən sənədlər əsasında 31,9 faizi və ya 1 milyard 220 milyon manatı ayrılıb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 58,6 milyon manat və ya 5 faiz çoxdur.

İşğaldan azad edilən ərazilərə sosial-iqtisadi həyatın bərpasında özəl sektor  əhəmiyyətli rol oynayır. Həmin ərazilərdə yerli və xarici biznes nümayəndələrinin investisiya qoyması üçün əlverişli mühitin yaradılması prioritet istiqamətlərdən biridir. Bu məqsədlə atılan əsas addımlardan biri Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”dır. 

Adıçəkilən proqramın əsas məqsədlərindən biri Qarabağ və Şərqi Zəngəzurda  iqtisadiyyatın yenidən qurulması məqsədilə yeni investisiyaların cəlbi üçün  sahibkarlıq mühitini formalaşdırmaq və biznes fəaliyyətinin inkişafına dəstək verməkdir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşı Günay Quliyevanın sözlərinə görə, düşməndən təmizlənən ərazilərdə özəl sektorun səmərəli fəaaliyyəti istiqamətində reallaşdırılan tədbirlər sahibkarların iqtisadi baxımdan investisiya qoymalarını stimullaşdırır. Bu, təkcə ona görə yox ki, orada qurulan infrastruktur müasir dövrün tələblərinə cavab verməklə ən müasir texnologiyalar vasitəsilə həyata keçirilir, həm də dövlət həmin ərazilərdə sahibkarlıq mühitinin canlanması üçün kifayət qədər güclü iqtisadi stimullardan istifadə edir. 

G.Quliyeva bildirir ki, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli Qanununa əsasən, adıçəkilən sənədə “XIX fəsil. İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri” əlavə olunub. Bununla da həmin ərazilərdə sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulan yeni güzəştlərin tədbiqi reallaşıb. Yeni qanunla təsdiqlənən güzəştlərə əsasən, işğaldan azad edilmiş ərazilərin rezidentləri 2023-cü il yanvarın 1-dən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. Bu isə biznes subyektinin əsas vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması deməkdir. 

Qanunda nəzərdə tutulan digər əsas müddəa həmin ərazilərin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirlərinə görə, 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilməsidir. Əlavə olaraq, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi orqan (qurum) tərəfindən təsdiqlənən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10  il müddətində ƏDV-dən azad olunur.

Digər tərəfdən, geniş turizm potensialına malik həmin ərazilərə turist axınını stimullaşdırmaq məqsədilə ora səfər edən fiziki şəxslər mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə, nağdsız qaydada ödədikləri ƏDV-nin 30 faizini, nağd qaydada ödədikləri ƏDV-nin isə 5 faizini geri ala bilərlər.

Dövlət azad olunmuş ərazilərdə iqtisadi və sosial həyatı canlandırmaq məqsədilə təkcə vergi güzəştləri ilə kifayətlənməyib, sosial sığorta sahəsində də bir sıra əhəmiyyətli stimullaşdırıcı tədbirlərin tətbiqinə başlayıb. Belə ki, 2022-ci il 27 dekabr tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa bir sıra dəyişikliklər edilib. Bu dəyişikliklərdə işğaldan azad olunmuş ərazilərdə qeyri-neft sektorunda fəaliyyət göstərən sığortaedənlər və sığortaolunanlara dair güzəştlər əhatə olunub.

Bundan əlavə, sahibkarlıq fəaliyyəti üçün qoyulan investisiyanın əsas hissəsini təşkil edən kreditlərlə bağlı dövlət dəstəyi də artıq müəyyənləşdirilib. Azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlara kreditlər verilməsini dəstəkləmək məqsədilə Azərbaycan Prezidentinin 2023-cü il 9 yanvar tarixli Fərmanı ilə təsdiqlənən “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” və ona əlavə olunmuş “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə Çərçivə Zəmanət Sazişi” qəbul olunub. 

Bu qayda Qarabağ və Şərqi Zəngəzur regionunda fəaliyyət göstərən biznes subyektlərinə verilən kreditlər üçün dövlət zəmanəti və alınan kreditlərin faizlərinin subsidiyalaşdırılması şərtlərini müəyyən edir. Dövlət zəmanəti ilə alınmış kreditlərdə zamin rolunu Maliyyə Nazirliyi oynayır.

İşğaldan azad olunmuş ərazilərdə tikinti fəaliyyəti ilə məşğul olan sahibkarlar, o cümlədən tikinti materiallarının istehsalı ilə məşğul olan özəl bölmə subyektləri dövriyyə vəsaitləri üçün müvəkkil banklardan 2 ildən daha uzun müddətə kredit cəlb edə biləcəklər.

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) məlumatında daha sonra qeyd edilir ki, digər güzəşt isə subsidiyalarla bağlıdır. Belə ki, İKZF sahibkarlıq subyektinin əvəzindən müvəkkil banka 8 faiz bəndi həcmində subsidiya ödəmək səlahiyyətinə malikdir. Eyni zamanda, sahibkarlıq subyektinin investisiya təşviqi sənədi varsa, fond 10 faiz bəndi həcmində subsidiya vermək səlahiyyətinə də sahibdir.

V.BAYRAMOV 
XQ

 

İqtisadiyyat