BP-nin İKT və kibertəhlükəsizlik sahələrinə töhfəsi

post-img

Dünən BP şirkəti Bakı Mühəndislik Universitetində ölkə üçün informasiya-kommunikasiya texnologiyaları (İKT) və kibertəhlükəsizlik sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına dəstək məqsədilə yeni laboratoriya açıb.

Laboratoriya BP tərəfindən xüsusi olaraq alınmış və universitetdə quraşdırılmış 30 ədəd müasir və innovativ İKT avadanlığı və proqram təminatı ilə təchiz olunub. Hər il 1000-ə yaxın müəllim və tələbə laboratoriyadan istifadə edərək İKT sahəsində öz bilik və bacarıqlarını təkmilləşdirəcək, innovativ İKT-dən istifadə etməyi, təhlükəsiz və səmərəli informasiya sistemləri yaratmağı və saxlamağı öyrənəcək, rəqəmsal transformasiyanı mənimsəyəcək. Bura, əsasən, kompüter mühəndisliyi, İKT, kompüter elmləri və kibertəhlükəsizlik/informasiya təhlükəsizliyi sahələrində ixtisaslaşan tələbələr daxildir.

BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib ki, Mühəndislik Universiteti üçün İKT və kibertəhlükəsizlik bacarıqları və ümumilik-
də digər mühəndislik qabiliyyətləri üzrə təlim və tədrisin keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək yeni laboratoriya kibertəhlükəsizlik, məlumat analitikası, şəbəkələrin idarə edilməsi, proqram təminatının işlənib hazırlanması və digər əlaqəli sahələri əhatə edən bacarıqların inkişaf etdirilməsi üçün geniş karyera imkanlarına qapı aça bilər. “Gündəlik həyatımızı İKT xidmətləri və tətbiqləri olmadan təsəvvür etmək mümkün deyil. Ölkənin İKT imkanları və mütəxəssis bacarıqları nə qədər güclü olarsa, onun informasiya sistemləri bir o qədər təhlükəsiz olar. Ümid edirik ki, layihəmiz ölkənin onlayn təhlükəsizliyini təmin etmək üçün lazımi bacarıqların inkişaf etdirilməsi səylərinə töhfə verəcək”,– deyə o əlavə edib.

Qeyd edək ki, 2023-cü ilin mayında başlanan layihə vaxtından xeyli əvvəl başa çatdırılıb. Layihənin ümumi dəyəri isə, təqribən, 403 min manatdır.

XQ

 

İqtisadiyyat