Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası beynəlxalq enerji əməkdaşlığı üçün mühüm platforma kimi aktuallığını getdikcə artırır. Martın 1-də Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları da bu baxımdan əlamətdar oldu. Müasir dövrdə enerji təhlükəsizliyini hər bir ölkənin milli təhlükəsizlik məsələsi kimi dəyərləndirən Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ötən illərdəki toplantıları zamanı bu məsələyə xüsusi diqqət yetirildiyini xatırladıb.
Müasir geosiyasi şəraitdə enerjiyə əlçatanlığın təmin olunması, eləcə də təbii resursların bazarlara çıxarılması üçün şaxələndirməni getdikcə zəruri edir. Şaxələndirmə məsələsində ölkəmizin mövqeyinin hər zaman dəyişməz olduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, bu yalnız marşrutlara deyil, həm də mənbələrə şamil edilməlidir. Azərbaycanın bu sahədə oynadığı vacib rolundan bəhs edən Prezident İlham Əliyev Cənub Qaz Dəhlizini tamamilə yeni marşrut kimi xarakterizə edərək bu gün ona artıq bir çox marşrutların – interkonnektorların əlavə edildiyini bildirib. Bu baxımdan Azərbaycan qazını yeni mənbə kimi dəyərləndirən dövlətimizin başçısı deyib ki, biz burada, bu formatda, təşəbbüskarı olduğumuz bu layihədə enerjinin şaxələndirilməsi məsələlərinin tam şəkildə əhatə edildiyini görürük.
Prezident İlham Əliyevin vurğuladığı kimi, artıq ölkəmizin Avropaya qaz təchizatının coğrafiyası xeyli genişlənib. Hazırda Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan da 6-sı Avropa ölkəsidir. Yeri gəlmişkən, son illər “köhnə qitə”də getdikcə genişlənməkdə olan interkonnektorlar şəbəkəsi də öz mənbəyini məhz Cənub Qaz Dəhlizindən götürür.
Özünün karbohidrogen resursları ilə Avropanın enerji xəritəsini zənginləşdirən Azərbaycan ötən müddətdə şaxələndirilmiş ixrac sistemini yarada bilib. Çoxvariantlı ixrac sistemlərinin ahəngdar işini təmin etmək üçün isə ölkəmizin potensialı yetərincədir. Belə ki, uzun illər Azərbaycanın “Şahdəniz” yatağı Avropanın mühüm “mavi yanacaq” mənbəyi rolunu oynayırdısa, artıq “Abşeron” kimi zəngin qaz yatağının da resursları ölkəmizin ixrac gücünə əlavə güc qatır. Bununla yanaşı, cari ilin sonunadək “Azəri–Çıraq–Günəşli” yataqlar blokunda “Dərin qaz” adlandırılan layihə çərçivəsində də ilk qaz əldə olunacaq.
Ölkəmizin potensialı sadaladımız yataqlarla kifayətlənmir. Məlum olduğu kimi, bu il “Abşeron” qaz yatağının ikinci mərhələsi ilə bağlı yekun investisiya qərarının verilməsi nəzərdə tutulur. Bu layihənin reallaşdırılması ilə “Abşeron” yatağında illik hasilatın həcmi 5 milyard kubmetrə çatdırılacaq. Bununla yanaşı, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq”, “Asiman”, “Ümid”, “Babək”, “Naxçıvan” və “Qarabağ” yataqlarının da potensialı olduqca yüksək qiymətləndirilir.
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında Azərbaycanın enerji siyasəti ilə bağlı gələcək planlarını diqqətə çatdıran Prezident İlham Əliyev “Azəri–Çıraq–Günəşli” yataqlar blokunun “dərin qaz” layihəsini, eləcə də “Ümid” qaz-kondensat yatağının ikinci fazasını yeni mənbə kimi dəyərləndirib. Dövlətimizin başçısı deyib: “Bütün bunlar onu göstərir ki, potensial var və artmaqdadır. Uzun illərdir ki, ortalıqda yayılan və Avropa istehlakçılarının artmaqda olan ehtiyaclarını ödəmək üçün “Azərbaycanda kifayət qədər qaz yoxdur” kimi bütün şayiələr bir daha onu göstərdi ki, bu fikirlər tamamilə əsassızdır və bizim potensialımızın qarşısını almaq, beynəlxalq birliyə və istehlakçılara yanlış mesaj göndərmək üçün Azərbaycana qarşı yürüdülən kampaniyanın bir hissəsi idi”.
Qeyd etdiyimiz kimi, Azərbaycanın qaz ehtiyatları olduqca zəngindir. Elə özünün enerji təhlükəsizliyini bu potensial hesabına təmin etmək istəyən dövlətlərin də sayı kifayət qədərdir. Avropanın dərinliklərinə daha çox qaz nəql etmək üçün isə Cənub Qaz Dəhlizinin gücünü iki dəfə artırmaq tələb olunur. Məşvərət Şurasının iclasında diqqəti bu vacib məsələyə yönəldən dövlətimizin başçısı dünyanın aparıcı maliyyə institutlarının nümayəndələrinə üzünü tutaraq bildirib ki, Cənub Qaz Dəhlizinin genişlənməsinin və təbii qaza aid istənilən digər layihənin maliyyələşməsi elə bir şəkildə aparılmalıdır ki, bizim əsas hədəfimizə mane olmasın.
Samir HEYDƏROV,
iqtisadçı-ekspert
Hazırda Azərbaycan tranzit ölkə kimi Şərq–Qərb dəhlizində imkanlarını Avropaya təqdim edir. Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, bərpaolunan enerji mənbələri üzrə potensialı və Xəzərdən Avropaya “yaşıl enerji”nin ixrac perspektivləri müzakirə olundu. Yeri gəlmişkən, Cənub Qaz Dəhlizinin təməli 2014-cü ildə qoyulub, 1 il sonra isə nazirlərin Məşvərət Şurasının 1-ci iclası keçirilib.
Cənub Qaz Dəhlizi Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunan təbii qazın Türkiyə və Avropa bazarına ixracını TANAP və TAP boru kəməri vasitəsilə təmin edir. 1841 kilometrlik TANAP 2018-ci ildə, TAP isə 2020-ci ildə istismara verilib. 2022-ci ilin iyul ayında Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen ilə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sazişə əsasən, 2027-ci ildə Cənub Qaz Dəhlizi ilə ixrac olunan təbii qazın həcminin 2 dəfə artırılması razılaşdırılıb. Ötən il Türkiyə bazarına 9,5 milyard kubmetr, Avropa bazarlarına 11,8, Gürcüstana isə 2,5 milyard kubmetr təbii qaz ötürülüb.
Azərbaycanın təsdiq olunmuş təbii qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Ötən müddətdə ölkəmiz Avropanın enerji təhlükəsizliyinə töhfə verməklə bir daha özünün etibarlı tərəfdaş olduğunu sübuta yetirib. Belə ki, TAP boru kəməri əvvəllər İtaliyaya Azərbaycan təbii qazını ixrac edirdisə, bu sıraya daha 5 Avropa ölkəsi də qoşulub. Yunanıstan, Bolqarıstan, Bolqarıstan–Serbiya interkonnektoru vasitəsilə Azərbaycan qazının ixracı daha geniş bölgələri əhatə edib.
Yeri gəlmişkən, Azərbaycan ənənəvi enerji ehtiyatları ilə yanaşı, həm də alternativ enerji üzrə böyük potensiala malikdir. Ölkəmizin quruda və dənizdə bərpaolunan enerji potensialı 200 qiqavat həcmində qiymətləndirilir. 2022-ci ilin dekabrında Buxarestdə “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”ə əsasən Qara dənizin dibi ilə Avropaya 4 qiqavat “yaşıl enerji” nəql olunacaq.
Göründüyü kimi, Azərbaycanın enerji gündəliyi çox zəngindir və ölkəmiz Avropanın enerji xəritəsini həm ənənəvi enerji mənbələri, həm də bərpaolunan enerji üzrə yenidən formalaşdırır. Bütün bu uğurlar isə Prezident İlham Əliyevin milli maraqlara söykənən xarici siyasəti sayəsində mümkün olub.
Mirbağır YAQUBZADƏ
XQ