Bu marşrutla yükdaşımalar ildə 5 milyon tona çatdırılacaq
Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu 2017-ci il oktyabrın 30-dan fəaliyyət göstərir. Marşrut Asiya və Avropanın dəmir yolu şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ dəmir yolu yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycan, 263 kilometrlik hissəsi Gürcüstan, 79 kilometrlik hissəsi isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, sonrakı mərhələdə 17 milyon ton, bundan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Xatırladaq ki, 2023-cü ildə bu marşrutla 2 milyon 750 min ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 64 faiz çoxdur.
BTQ magistralı boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu getdikcə artır, əməkdaşlıq dərinləşir. Beləliklə, sözügedən marşrut sabitliyə və təhlükəsizliyə xidmət göstərir, ən başlıcası isə Azərbaycanın geosiyasi əhəmiyyətini artırır və respublikamızın inkişafı üçün əlavə imkanlar yaradır.
Qeyd edək ki, hazırda Orta Dəhlizin ən vacib seqmentlərindən olan BTQ dəmir yolunun modernləşdirilməsi diqqət çərkəzindədir. Bu, Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilir. Dövlət başçısının uzaqgörən siyasəti nəticəsində tikilən BTQ dəmir yolu xətti getdikcə beynəlxalq nəqliyyat şəbəkəsində cəlbediciliyini artırır, Şərqdən Qərbə və əks istiqamətdə yükdaşımalarda bu marşrutdan istifadəyə tələbat davamlı olarq yüksəlir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyətinin bu günlərdə Gürcüstanda rəsmi səfəri zamanı keçirilən görüşlərdə də bu, bir daha təsdiqlənib. ADY-nin məlumatına görə, səfər zamanı Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttində aparılan tikinti-bərpa və yenidənqurma işlərinin gedişi nəzərdən keçirilib. Qeyd edək ki, BTQ dəmir yolunun ötən ildən başlayan genişləndirilmə işlərinin bu ilin birinci rübündə sona çatdırılması planlaşdırılıb.
Xatırladaq ki, dəmir yolu xəttinin modernləşdirilməsinin əsas məqsədi Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması və yüklərin əhəmiyyətli hissəsinin BTQ dəmir yoluna cəlb edilməsidir. Çünki Çin və Mərkəzi Asiya ölkələrindən quru yolla daşınan yüklərin ən qısa müddətdə Avropaya çatdırılmasında sözügedən polad magistralın əhəmiyyəti olduqca böyükdür. Asiyadan gələn yüklərin Azərbaycan üzərindən biraşırımlı əməliyyatla Avropaya daha sürətli çatdırılması adıçəkilən xəttin regional nəqliyyat sistemində önəmini daha da gücləndirir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Gürcüstanda olarkən BTQ dəmir yolunun bir hissəsi olan və çətin relyefə, dağlıq və meşəlik əraziyə malik Marabda-Kartsaxi sahəsində yol təsərrüfatının müasirləşdirilməsi, ötürücülük gücünün artırılması və hərəkətin təhlükəsizliyinin gerçəkləşdirilməsi baxımından ən mühüm tədbirlərin artıq yekunlaşdırıldığı diqqətə çatdırılıb.
Gürcüstanda BTQ dəmir yolu xəttində aparılan tikinti-bərpa və yenidənqurma işlərinin vəziyyəti haqqında danışılarkən bildirilib ki, yolun tam modernləşdirilməsi və buraxıcılıq gücünün 5 milyon tona çatdırılması istiqamətində görülən işlərin 95 faizə qədəri artıq yekunlaşdırılıb. Qarşıdakı iki ay ərzində isə layihə işlərinin başa çatdırılması nəzərdə tutulub.
Bildirilib ki, BTQ dəmir yolu xəttinin Gürcüstan hissəsinin 5 mərhələdən ibarət olan modernləşdirilmə layihəsinin artıq 3 mərhələsi yekunlaşdırılıb. Belə ki, layihənin I hissəsi üzrə 29,2 kilometr uzunluğa malik Marabda-Tetriskaro dəmir yolu xətti üzrə 3 dəmir yol stansiyası, 2 dartı yarımstansiyası, 4 sərnişin platforması və 38 kilometr kontakt şəbəkə xətti üzrə bütün işlər, habelə siqnalizasiya, mərkəzləşdirmə və bloklama cihazlarının qurulması, işə salınması, yoldəyişən qurğuların kabelləşdirilməsi işləri sona çatdırılıb.
Sözügedən infrastrukturun II və III hissələrində görülən işlər barədə də məlumat verilib. Qeyd edilib ki, 49,7 kilometrlik II hissə – Tetriskaro-Tsalka dəmir yolu xətti üzrə 3 dəmir yolu stansiyası, 3 sərnişin platforması və 2 dartı yarımstansiyası, 5,9 kilometr uzunluğu olan qardan qoruma hasarları üzrə bütün tədbirlər başa çatdırılıb. Eyni zamanda, siqnalizasiya, mərkəzləşdirmə və bloklama cihazlarının qurulması və işə salınması işlərinin də həyata keçirilməsi vurğulanıb. 74,1 kilometrlik III hissədə, Tsalka–Axalkalaki dəmir yolunda planlaşdırılan layihənin isə bu ilin mart-aprel aylarında tam yekunlaşdırılması nəzərdə tutulub. 27 kilometrlik IV hissənin, Axalkalaki–Kartsaxi dəmir yolu xəttinin yenidən qurulması, bir dəmir yolu stansiyası və sərnişin platformalarının təmiri və digər işlər yekunlaşıb.
BTQ dəmir yolunun Gürcüstan hissəsində modernləşdirmə tədbirləri çərçivəsində 110 hektar sahəyə malik Axalkalaki kompleksinin tikintisi layihəsi də uğurla həyata keçirilib, inşaat prosesində yeni texnologiyalar tətbiq olunub, ən müasir avadanlıqlardan istifadə edilib.
ADY QSC-nin məlumatına əsasən, BTQ dəmir yolunun modernləşdirilməsi layihəsi tam yekunlaşdırıldıqdan sonra sözügedən infrastruktur üzrə əməliyyatların səmərəli idarə olunması və yeni yüklərin cəlbi istiqamətində fəaliyyət göstərəcək Azərbaycan və Gürcüstan arasında birgə müəssisə yaradılacaq. Artıq bu istiqamətdə layihənin icrasına qarşıdakı aylarda başlanılacaq.
Hüseynqulu QULİYEV,
iqtisadçı-ekspert
Şərqlə Qərb arasında Dəmir İpək Yolu adlandırılan Bakı–Tbilisi–Qars polad magistralı Azərbaycanın Orta Dəhliz üzərində yerləşən ən önəmli nəqliyyat hablarından birinə çevrilməsinə xidmət edir. Bu məqsədlə respublikamızda dəmir yolu və liman infrastrukturu davamlı olaraq təkmilləşdirilir, gömrük xidmətində şəffaflığın və operativliyin artırılması üçün islahatlar həyata keçirilir. Təsadüfi deyil ki, Azərbaycan mövcud potensialı sayəsində bu gün qlobal çağırışların öhdəsindən uğurla gələ bilir.
Strateji əhəmiyyətə malik BTQ marşrutu Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Dövlətimizin başçısı hələ BTQ dəmir yolunun açılış mərasimində çıxışı zamanı layihənin qlobal əhəmiyyət daşıyacağı mesajını verərək infrastrukturun tarixi qlobal təşəbbüs olduğunu deyib. Bu layihə ölkələri bir-birinə daha yaxın edir, bölgədə sabitliyin, təhlükəsizliyin təminatına mühüm təsir göstərir, eyni zamanda, layihə iştirakçısı olan ölkələrin iqtisadi imkanlarını artırır.
Həm geosiyasi, həm də iqtisadi anlamda Azərbaycanın mövqeyinin gücləndirilməsinə xidmət edən bu layihənin əhəmiyyəti hazırkı beynəlxalq şəraitdə özünü daha qabarıq büruzə verir. Ukraynada davam edən müharibə fonunda Qərbin Moskvaya tətbiq etdiyi sanskiyaları və Rusiya ərazisindən yan keçən yeni dəhlizlər axtarışına çıxması Orta Dəhlizin və bu marşrut üzərində yerləşən Azərbaycanın nəqliyyat və logistika imkanlarını getdikcə genişləndirir.
Yeni qlobal çağırışlar respublikamızın avtomobil yollarının, dəmir yolu infrastrukturunun, eləcə də BTQ marşrutunun əhəmiyyətini artırır. Ötən illərdə həyata keçirilən infrastruktur layihələri sayəsində Azərbaycan hazırda bu çağırışlara ən çox hazır olan ölkələr sırasındadır.
Vaqif BAYRAMOV
XQ