Yanvarda aqrar ixrac 70 milyon dollara çatıb

post-img

Ölkədə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan, ərzaq təhlükə­sizliyinin daha da gücləndirilməsini təmin edən, ixrac potensialının artırılmasına və kənd yerlərində rifahın yüksəldilməsinə töhfə verən rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, habelə emalı sənayesinin formalaşdırılması sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. 

Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş müvafiq qərar­lara uyğun olaraq kənd təsərrüfatının inkişafı məqsədilə çoxşaxəli dövlət dəstəyi sistemi qurularaq bu sahənin potensialının gücləndi­rilməsinə yönəldilən resursların həcmi getdikcə artır. 

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin məlu­matına əsasən, cari ilin yanvar ayında kənd təsərrüfatı məhsulla­rının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisə­də 1,2 faiz artıb. Bu sektorda məhsulun ümumi istehsal həcminin dəyəri faktiki qiymətlərlə 491 milyon manat təşkil edib. Bunun da 95,4 faizi (468 milyon manat) heyvandarlıq sahəsinin, 4,6 faizi (23 milyon manat) bitkiçilik sahəsinin payına düşüb. Hesabat ayında kənd təsərrüfatı, meşə və balıqçılıq sahələrində yaradılan əlavə dəyərin ÜDM-də payı isə 2,9 faiz təşkil edib.

Bütün bunlarla bərabər, sözügedən dövrdə 70 milyon dollar həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub. İxracın həcmi dəyər ifadəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz artıb.

Nazirliyin Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) məluma­tında isə bu qurum tərəfindən yanvar ayında 58 kənd təsərrüfatı texnikasının satışının maliyyələşdirildiyi vurğulanıb. Qeyd edilib ki, adıçəkilən agentlik tərəfindən 10 baş iribuynuzlu damazlıq heyva­nın alışına 25,2 min manat, habelə kənd təsərrüfatı texnikası və avadanlıqlarının alışı üçün 7,3 milyon manat məbləğində güzəşt vəsaiti ayrılıb. Subsidiyaların ödənilməsi üçün isə ötən il 352 milyon manat vəsait sərf olunub.

XQ

İqtisadiyyat